Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3942

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabat

2022-ci ilin birinci yarımili ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsinə dair imzalanmış fərman, sərəncam və qərarların, digər normativ sənədlərin icrası, idarəçiliyin səmərəliliyinin artırılması, həmçinin “Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi”, “İnsan və cəmiyyətin mədəni inkişafı”, “Mədəni və yaradıcı sənayelərin dəstəklənməsi”, “Azərbaycan mədəniyyətinin beynəlxalq təşviqi” və “İşğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı” kimi prioritet istiqamətlər üzrə bir sıra tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında”, “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında”, “Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında”, “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” sərəncamlarının icrası istiqamətində müvafiq işlər həyata keçirilmişdir.

Bundan əlavə, Dövlət başçısının “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 2022-ci il 14 mart tarixli və “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 2022-ci il 20 aprel tarixli sərəncamlarının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən müvafiq qurumların təklifləri nəzərə almaqla yekun tədbirlər planı hazırlanmış və icrası davam etdirilir.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq 2022-ci ilin birinci yarımili ərzində Azərbaycan Dövlət Film Fondunda, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbində, Mingəçevir şəhər Ü.Hacıbəyli adına 11 illik Musiqi məktəbində, Yevlax şəhəri Heydər Əliyev adına Sarayda, Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbində, Qəbələ şəhər Uşaq incəsənət məktəbində təmir işlərinə başlanılmışdır. Mərdəkan qəsəbəsində yerləşən Kiçik Mərdəkan qəsri və Xanbaba hamamının, Nardaran qəsəbəsində yerləşən Nardaran qəsrinin layihələri ilə bağlı layihə-smeta sənədləri hazırlanmışdır.

Hesabat dövrü ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işləri davam etdirilmişdir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müvafiq siyahı tərtib olunmuş və ehtimal dəyərin müəyyənləşdirilməsi işlərinə başlanılmışdır.

Cari ildə pasportlaşdırılacaq abidələrin mühafizə zonaları ilə yanaşı, paytaxtın Səbail rayonunda yerləşən bütün abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə və dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektə (yeni aşkar olunmuş abidə) baxış keçirilmiş, elektron məlumat bazası yaradılmış, fotoşəkillər, həmçinin arxiv məlumatları toplanılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması üçün cari ildə mütəmadi olaraq mühafizə tədbirləri görülmüşdür. İnfrastruktur layihələrinin icrası çərçivəsində bir çox daşınmaz tarix və mədəniyyət abidəsinə müdaxilə hallarının qarşısı alınmışdır.

“Çıraqqala–Şabran”, “Orta Əsr Ağsu Şəhəri” və “Qədim Şəmkir Şəhəri” dövlət tarix-mədəniyyət qoruqlarının sərhədlərini və mühafizə zonalarını əks etdirən xəritələr üzərində iş yekunlaşır.

Mədəniyyət Nazirliyinin idarələri və müəssisələrinin fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi meyarları hazırlanmışdır. Habelə, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında layihələrin idarə edilməsi üzrə daxili Qaydalar” təsdiq edilmişdir.

 

Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi əsas məqsədlərdəndir

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə 31 mart 2022-ci il tarixində Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr edilmiş anım mərasimi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti, Dövlət Xidməti, diplomatik korpusun, dini konfessiyaların və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, pedaqoji kollektivlər və məktəblilər, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Dövlət Xidmətinin təşkilatçılığı ilə aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilmişdir. 21 aprel tarixində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və qoruğun yaradılmasının 15 illiyi  münasibətilə könüllülərin və qazilərin iştirakı ilə veloyürüş təşkil olunmuşdur.

Memarlıq və monumental xatirə abidələrinin yenilənmiş siyahısı AMEA-nın Memarlıq və İncəsənət İnstitutu ilə birgə nəzərdən keçirilərək bir sıra dəqiqləşdirmələr aparılmış və yekun rəy alınmışdır. Hazırda sözügedən siyahının Dövlət Xidmətinin Bakı Regional İdarəsinin ərazi mənsubiyyətinə aid rayon və şəhərlərdəki abidələrin yekun siyahısı hazırlanmışdır. Eyni zamanda abidələrin ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı işlər aparılır.

Dövlət Xidmətinin idarəetməsində olan tarix-mədəniyyət qoruqlarının, tarix və mədəniyyət abidələrinin istiqamətini göstərən yol nişanlarının və mühafizə lövhələrinin quraşdırılması üçün monitorinq aparılmışdır. Monitorinqin nəticələrinə əsasən, qoruqlar üzrə 11 ədəd yeni mühafizə lövhəsi quraşdırılmış, 12 ədəd mühafizə lövhəsi yenilənmişdir. Qarşıdakı altı ay ərzində 152 ədəd mühafizə lövhəsinin quraşdırılması planlaşdırılır.

Qoruqların fondlarında yerləşən daşınar mədəni sərvətlərin siyahısını və aidiyyəti məlumatları əks etdirən elektron məlumat bazasının yaradılması məqsədilə razılaşdırılmış nümunə forması Dövlət Xidmətinin idarəetməsində olan tarix-mədəniyyət qoruqlarına təqdim edilmişdir. Gəncə, İlisu və Qəbələ tarix-mədəniyyət qoruqlarının fondlarında olan və qeydiyyata götürülən daşınar mədəni sərvətlərin elektron məlumat bazası yaradılmışdır. Digər qoruqlarda da işlər davam etdirilir.

Dövlət Xidmətinin idarəetməsində olan tarix-mədəniyyət qoruqları üzrə elmi işçilərin 2021-ci ildə fəaliyyəti ilə bağlı hesabatlar təhlil edilmiş və ixtisas səviyyəsinin qiymətləndirilməsi aparılmışdır. Təhlilin nəticələrinə uyğun olaraq, tarix və mədəniyyət qoruqlarında elmi tədqiqatların səmərəliliyini artırmaq məqsədilə qoruqlarda çalışan elmi işçilər üçün ixtisasartırma kurslarının təşkili olunması nəzərdə tutulmuşdur. Dövlət Xidmətinin idarəetməsində olan tarix-mədəniyyət qoruqlarının saytları və sosial media platformalarının vəziyyəti təhlil edilmişdir. Qoruqlar üzrə mövcud olan saytların və sosial media platformalarının təkmilləşdirilməsi və vahid təşviqat platformasının yaradılmasına dair qoruq direktorlarına təqdim olunan təkliflər üzrə aidiyyəti tapşırıqlar verilmişdir.

Qoruqlarda ziyarətçi məmnunluğunun və xidmət səviyyəsinin artırılması məqsədilə ilkin olaraq “İlisu” və “Avey” tarix-mədəniyyət qoruqlarının strateji inkişaf planlarının hazırlanmasına dair təkliflər hazırlanmışdır. Cari ilin 17 may tarixində Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri üçün Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna infotur təşkil olunmuş və qoruq tərəfindən mədəni xidmət paketinin təqdimatı keçirilmişdir. Dövlət-özəl əməkdaşlığı çərçivəsində Zaqatala və İlisu Dövlət Tarix-Mədəniyyət Qoruqlarında ziyarətçilərə əlavə mədəni xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlarla müzakirələr aparılmış, ilkin razılaşmalar əldə olunmuşdur.

Gənc rəssamların yaradıcılığının təbliği və onlara dəstək də diqqətdə saxlanılmışdır. Bu məqsədlə "Four Seasons Hotel Baku"da satış-sərgi həyata keçirilmişdir. Sərgidə Səttar Bəhlulzadə, Oqtay Sadıqzadə, Vəcihə Səmədova, Rasim Babayev, Müseyib Əmirov, Cəlil Hüseynov, Yelena Haqverdiyeva, Anar Yolçuyev, Rəşad Mehdiyev ilə yanaşı gənclərdən Aqşin Kazımov, Kənan Əliyev, Nizar Məmmədov və digər rəssam və heykəltəraşların əsərləri və habelə 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan heykəltəraş Samir Kaçayevin də əl işləri nümayiş etdirilmişdir. Sərgi zamanı rəngkarlıq, heykəltəraşlıq, keramika, qobelen və digər sənət nümunələrinin satışı həyata keçirilmişdir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən hər il qeyd olunan 18 may –  Beynəlxalq Muzeylər Günü çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə gecə” multimedia layihəsi təqdim edilmişdir. Tədbir çərçivəsində Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə muzeydə ilk dəfə açıq səma altında Bakı Kamera Orkestrinin konserti də keçirilmiş və konsert zamanı Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin kolleksiyasından Xalq rəssamı Səttar Bəhlulzadənin seçilmiş əsərləri rəqəmsal formatda geniş kütləyə nümayiş olunmuşdur.

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyində “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası” fəaliyyət göstərir. Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə nazirliyin müvafiq əmrlərinə əsasən yeni tərkib təsdiq olunmuş və komissiyanın sədri vəzifəsinə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov təyin olunmuşdur. Eyni zamanda komissiyanın fəaliyyətinə dair qaydalar təsdiq edilmişdir.

2022-ci ilin birinci yarısında “Museum.az” internet səhifəsində və sosial şəbəkə hesablarında Bakı şəhərində fəaliyyət göstərən muzeylər üçün hazırlamış virtual turlar təqdim olunmuş, dövr ərzində keçirilən tədbirlər barədə məlumat, press-reliz və şəkillər yerləşdirilmiş, muzey kolleksiyalarında qorunub saxlanılan nadir eksponatlar barədə maraqlı məlumatlar paylaşılmışdır. Bundan əlavə, muzey müəssisələrində vahid bilet satışı sisteminin təşkili ilə bağlı hazırlıq işlərinin aparılması məqsədilə muzeylərdə hazırkı bilet qiymətləri və satış sisteminin monitorinqi aparılır.

Hesabat dövründə Nizami Gəncəvinin əsərlərinin fars dilindən Azərbaycan dilinə poetik tərcüməsi işinin təşkili ilə əlaqədar aidiyyəti mütəxəssislərlə yekun toplantı keçirilmiş və yol xəritəsi hazırlanmışdır.

Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə buraxılacaq kitabların nəşrə hazırlanması və çapı işlərinin satın alınması məqsədilə dövr ərzində Nizami Gəncəvinin “Xəmsə”, A.Y.Krımskinin “Nizami və müasirləri”, “Şuşa: Azərbaycanın Mədəniyyət Paytaxtı”, Tofiq Bakıxanovun “Xeyir və şər” (rus dilində), Nəriman Həsənzadənin “Seçilmiş əsərləri” (I cild), Xülya Cəfərovanın “Qaya – yenilməz şuşalı”, Vüqar Haqverdiyevin “Döyüşçünün zirehli hərb geyimi”, Tehran Vəliyevin “Dünya ədəbiyyatından tərcümələr”, Sahib Soltanovun “Qamma və Arpeciolar”, Günel Əsgərovanın  “Xəmsənin xilası”, Gülnarə Ələsgərovanın “Üzeyir Hacıbəylinin Ev-Muzeyi”, Etibar Həsənzadənin  “Kəsişən yollar” və “İgidlərin sözü” kitablarının nəşri başa çatdırılmışdır.

Mədəniyyət Nazirliyinin müvafiq sərəncamlarına əsasən, bəstəkarlar Səid Qəni və Aliyə Məmmədovanın əsərləri satın alınmışdır.

 

İnsan və cəmiyyətin mədəni inkişafı

Mədəniyyət Nazirliyi tərəfindən ilin birinci yarısında çoxsaylı layihələr həyata keçirilmişdir. “Mədəniyyətimizin simaları” layihəsi Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafında böyük xidmətləri olan sənətkarların həyat və yaradıcılığını geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyır. Ümumilikdə layihə üzrə yanvar-iyun ayları ərzində 23 ədəbiyyat və mədəniyyət xadiminə (Məcid Şamxalov, Kamal Abdullayev, Bəhruz Kəngərli, Böyükağa Məmmədov, Məhərrəm Haşımov, Lütfi Məmmədbəyov, Antonina Filippova, Roza Cəfərxanova, Fərman Kərimzadə, Nodar Şaşıqoğlu, Ağasadıq Gəraybəyli, Yusif Vəliyev, Almas İldırım, Mstislav Rostropoviç, Fatma Qədri, Şövkət Məmmədova, Əfrasiyab Bədəlbəyli, İsmayıl Osmanlı, Məhluqə Sadıqova və s.) həsr olunan videomaterial hazırlanaraq nazirliyin sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim edilmişdir.

Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi üzrə 12 may – 30 iyun tarixlərində Bakı Dövlət Universitetinin 300-dən artıq tələbəsi paytaxtımızda fəaliyyət göstərən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Dövlət Akademik Milli Dram Teatrı, Akademik Musiqili Teatr və Akademik Opera və Balet Teatrında müxtəlif tamaşaları izləmişdir. Layihənin məqsədi gənclərin incəsənətə marağının artırılması və ölkənin mədəni həyatında yaxından iştirakına şərait yaradılmasıdır.

Teatr sənətinin müxtəlif sahələrinə həsr olunmuş “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsi də maraq doğurmuşdur. 10-14 yanvar tarixində Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadənin ustad dərsləri keçirilmişdir. 14-18 apreldə Füzuli Dövlət Dram Teatrında Xalq artisti Pərviz Məmmədrzayevin ustad dərsləri təşkil edilmişdir.

Hesabat dövründə Xalq artistləri – görkəmli müğənni Yalçın Rzazadənin xatirə gecəsi, bəstəkar Azər Dadaşovun 75 illik, professor, violin ifaçısı Zəhra Quliyevanın 70 illik, bəstəkar Səid Rüstəmovun 115 illik, Əməkdar incəsənət xadimi, bəstəkar, professor Oqtay Rəcəbovun 80 illik yubileyləri keçirilmiş, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 75 illik yubileyinə həsr edilmiş musiqi festivalı təşkil olunmuşdur.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fləşmob keçirilmişdir. Müxtəlif təhsil müəssisələrini təmsil edən 1000-ə yaxın tələbə və könüllünün iştirak etdiyi fləşmobda Bakı Xoreoqrafiya Akademiyası tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən xoreoqrafik kompozisiya nümayiş olunmuşdur.

Fevral ayında Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatı laureatı İsmayıl Dağıstanlının 115 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Azərbaycanın Xalq artisti, TRT-nin (Türkiyə Radio və Televiziya Qurumu) Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimovanın “Mədəni yenilənmə” layihəsi çərçivəsində ustad dərsi təşkil olunmuş, konsert proqramı təqdim edilmişdir.

Mart ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Ağasadıq Gəraybəylinin 125, apreldə SSRİ Xalq artisti İsmayıl Osmanlının 120 illik yubileyləri münasibətilə tamaşalar nümayiş olunmuşdur. 

10 mart – Milli Teatr Günü münasibətilə Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında və qatarlarında, “Gənclik Mall” ticarət mərkəzində “Hər yerdə teatr” adlı fləşmob keçirilmişdir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyor heyətinin, orkestrinin, xor və balet artistlərinin, Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin və “Merry Band” musiqi qrupunun iştirakı ilə gerçəkləşən fləşmob maraqla qarşılanmışdır.

27 mart – Beynəlxalq Teatr Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyindəki teatrlarda “açıq qapı” günü keçirilmişdir. “Teatrda bir gün” adlı layihə çərçivəsində teatrlara ekskursiya təşkil olunmuşdur. “Açıq qapı” Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram, Azərbaycan Dövlət Kukla və Şuşa Dövlət Musiqili Dram teatrlarında gerçəkləşdirilmişdir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamın icrasını təmin etmək məqsədilə 15 aprel 2022-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkarın 100 illik yubileyi münasibətilə konsert, fotosərgi və CD albomun təqdimatı keçirilmişdir. 17 apreldə Gəncə şəhərində F.Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilmiş, iyunun 20-də Gəncə Dövlət Filarmoniyasında “Min bir gecə” baleti nümayiş olunmuşdur. Aprelin 22-də tanınmış kinorejissor Tofiq İsmayılovun bərpa olunmuş “Prima” sənədli filminin Musiqi Mədəniyyəti Dövlət Muzeyində nümayişi keçirilmişdir.

25-28 aprel tarixlərində YARAT Müasir İncəsənət Məkanında təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəzzadə və rejissor, teatr və kino rəssamı Əddis Hacıyevin iştirakı ilə silsilə tədbirlər keçirilmişdir. 16-17 iyunda isə YARAT-da aktyor, rejissor Timur Bədəlbəylinin iştirakı ilə ustad dərsi və yaradıcılıq gecəsi təşkil olunmuşdur.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Özünü kitablarda tap” layihəsi çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlarla 15 aprel və 13 may tarixlərində görüşlər keçirilmişdir. Bakı Kitab Mərkəzinin uşaq guşəsində keçirilən görüşlər zamanı Əməkdar artist Elnur Kərimov və teleaparıcı Azər Süleymanlı uşaqlar üçün müxtəlif nağılları səsləndirmişlər.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə mədəniyyət müəssisələri tərəfindən silsilə tədbirlər təşkil olunmuşdur. 10 may tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 85 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş təntənəli yubiley konserti keçirilmişdir. 10-13 may tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar Şəmkir rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin iştirakı və Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı silsilə tədbirlər proqramı təşkil edilmişdir.

15-20 may 2022-ci il tarixlərində “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər çərçivəsində ustad dərsləri, konsert və görüşlər keçirilmişdir.

20-27 may tarixində Bakıda Beynəlxalq Piano Festivalı təşkil olunmuşdur. Festivalda dünyanın bir çox tanınmış pianoçuları 10-dan artıq konsert proqramı ilə çıxışlar etmişlər.

Hesabat dövründə Azərbaycan Milli Kitabxanası tərəfindən “Məmməd Səid Ordubadi – 150”, “Mirzə Ələkbər Sabir – 160” adlı virtual sərgilər və “Görkəmli satirik şair – Mirzə Ələkbər Sabir” adlı elektron məlumat bazası hazırlanmışdır.

Yanvarın 17-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanası tərəfindən “Şuşa” adlı virtual sərgi hazırlanıb ictimaiyyətə təqdim edilmişdir. Fevralın 7-də Milli Kitabxanada “Şuşa İli”nin açılışına həsr olunan tədbir çərçivəsində “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilmişdir. Həmçinin “Biz səni dirçəldəcəyik, Şuşa” adlı geniş kitab sərgisinin açılışı olmuşdur.

Bu sərəncamın icrası ilə əlaqədar “Şuşa” adlı kitab-kataloq nəşr edilmişdir. Kitabda Şuşa şəhərində yerləşən dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin işğaldan əvvəlki vəziyyətini və işğal dövründə məruz qaldığı dağıntıları, eyni zamanda abidələrin müxtəlif dövrlərə aid fotoşəkillərini, yerləşdiyi ərazini göstərən xəritələr əks olunmuşdur.

İşğaldan azad edilmiş ərazilərdə kitabxanaların bərpası işi ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildən həyata keçirilən “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində kitabtoplama kampaniyası 2022-ci ilin birinci yarısında da davam etdirilmişdir. Layihə çərçivəsində AMEA-nın Mexanika və Riyaziyyat İnstitutu, Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu, Qazaxıstan Respublikasının ölkəmizdəki Səfirliyi, “İdrak” İctimai Birliyi və digər təşkilatlar, həmçinin fiziki şəxslər öz şəxsi kolleksiyalarından kitabları fonda bağışlamışlar. Hazırda fondda 95370 nüsxə kitab mövcuddur.

İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirələrinin əbədiləş­di­rilməsi məqsədilə Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən hazırlanan “44 gün – tarixi Zəfər” adlı üç cilddən ibarət kitabın birinci cildinin iyunun 24-də Beynəlxalq Muğam Mərkəzində təqdimat mərasimi keçirilmişdir.

İyunun 12-də nazirliyin əməkdaşları və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının heyəti Xalq artisti Hacıbaba Bağırovun məzarını ziyarət etmişlər. Həmin gün axşam Musiqili Teatrda H.Bağırovun əziz xatirəsinə həsr olunmuş “Mən dəyərəm min cavana” tamaşası nümayiş olunmuşdur.

16-24 iyun tarixində Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi keçirilmişdir. Müsabiqənin seçim turları Bakı şəhərində, qala-konsert isə Şuşada gerçəkləşmişdir.

Bu il dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin (1918-1982) vəfatının 40 ili tamam oldu. Mayın 13-də bəstəkarın adını daşıyan Mərkəzi İncəsənət Məktəbi tərəfindən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində “Dahisiz keçən 40-cı ilimiz" adlı konsert proqramı təqdim olunmuşdur.

Hesabat dövründə Mədəniyyət Nazirliyi tərəfindən respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edilmişdir. 15 fevral tarixində Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbində Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın (fortepiano) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Aydan Şahbazlının rəsm sənəti üzrə ustad dərslərində Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Şamaxı rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirak etmişlər. 25-26 aprel tarixlərində Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilmiş ustad dərslərinə Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Astara Dövlət Rəsm Qalereyasının şagirdləri qatılmışdır.

11-13 may tarixində Quba şəhərində Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün musiqi nəzəriyyəsi ixtisası üzrə, mayın 27-də Gəncə şəhərində uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün vokal, fortepiano, kamança və tar ixtisasları üzrə ustad dərsləri təşkil edilmişdir. 31 may – 2 iyun tarixlərində Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi müəllimləri üçün ustad dərsləri keçirilmişdir.

8-9 iyun tarixlərində Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının professoru, sənətşünaslıq üzrə dosent, Qazaxıstanın Əməkdar incəsənət xadimi Alila Alişeva Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbələri üçün “Xalq-səhnə rəqslərinin tədrisi, nəzəriyyəsi və metodikası” mövzusu üzrə ustad dərsləri keçmişdir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları Xalq artisti Gülbacı İmanova (xor dirijorluğu), Əməkdar müəllim Hökümə Əliyeva (violin), dosentlər Aliyə Məmmədova (musiqi nəzəriyyəsi) və Nərgiz Salmanlı (fortepiano) tərəfindən 24 iyun tarixində Gəncə şəhərində, 25 iyunda Bərdə şəhərində ustad dərsləri keçirilmişdir. Ustad dərslərində Gəncə, Naftalan, Samux, Goranboy, Kəlbəcər, Xocalı, Bərdə, Yevlax, Mingəçevir, Tərtər şəhər və rayon uşaq musiqi və incəsənət məktəblərinin müvafiq ixtisaslar üzrə müəllim və şagirdləri iştirak etmişlər. 

Bakı Musiqi Akademiyasının professorları Xalq artisti Gülbacı İmanova və Əməkdar müəllim Xatirə Həsənzadənin, habelə BMA-nın baş müəllimi Nərgiz Kəngərlinin iyunun 29-da Masallı şəhərində Masallı, Yardımlı və Cəlilabad rayon uşaq musiqi və incəsənət məktəblərinin, 30 iyunda isə Lənkəran şəhərində Lənkəran, Astara, Lerik şəhər və rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün xor dirijorluğu, musiqi nəzəriyyəsi və fortepiano ixtisasları üzrə ustad dərsləri baş tutmuşdur.

18 iyun tarixində Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri, Əməkdar artistlər Elçin Allahverdov və Tamilla Əliyeva tərəfindən Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbində Azərbaycan xalq rəqsi fənni üzrə ustad dərsləri keçirilmişdir. Ustad dərslərində Abşeron rayon Ceyranbatan, Qobu, Saray qəsəbə uşaq incəsənət məktəblərinin və Abşeron rayon Mədəniyyət Mərkəzinin Novxanı qəsəbə Diyarşünaslıq klubunun müəllim və şagirdləri iştirak etmişlər. 24 iyun tarixində isə Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbində BXA-nın müəllimləri Elçin Allahverdov və Çinarə Quliyeva tərəfindən ustad dərsləri keçirilmişdir. Dərslərdə Sumqayıt şəhər Ə.Bakıxanov adına 1, Bülbül adına 2 və S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəblərinin, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, “Dostluq” Mədəniyyət evi və C.Cabbarlı adına Mədəniyyət evinin müəllim, şagird və əməkdaşları iştirak etmişlər.

20-29 iyun tarixlərində Azərbaycanın Əməkdar artisti, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Mariinski Teatrı Primorski səhnəsində balet truppasının bədii rəhbəri Eldar Əliyev Bakıya səfəri çərçivəsində BXA-nın müəllim-xoreoqraflarına və orta ixtisas təhsil pilləsinin klassik şöbəsinin tələbələrinə ustad dərsləri keçmişdir.

Mədəniyyət Nazirliyinin 20 aprel 2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları” təsdiq edilmiş və nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilmişdir. Habelə 20 iyun tarixində nazirlik tərəfindən məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edilmişdir. Müsabiqə ilə bağlı müvafiq məlumatlar, o cümlədən test imtahanı və müsahibə proqramları da nazirliyin rəsmi internet informasiya resurslarında yerləşdirilmişdir.

 

Mədəni və yaradıcı sənayelərin dəstəklənməsi diqqətdə saxlanılır

Hesabat dövrü ərzində ölkədə mədəni və yaradıcı sənayelərin dayanıqlı və innovativ inkişafı istiqamətində mühüm addımlar atılmışdır.

Bir sıra sahəvi qeyri-hökumət təşkilatlarının formalaşdırılmasına və fəaliyyətlərinə dəstək göstərilmiş, sənaye nümayəndələri ilə mədəni və yaradıcı proseslər mütəmadi olaraq müzakirə olunmuş, sahəvi maarifləndirmə və təşkilatlanma təşviq edilmiş, birgə layihələr həyata keçirilmişdir.

 Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və KOBİA yanında İctimai Şura tərəfindən Yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması məqsədilə “Yaradıcı sənayelərdə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirə təşkil olunmuşdur. Tədbirdə yaradıcı sənayenin müasir biznes çağırışları, bu sahədə dövlət-özəl əməkdaşlığının inkişafı, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, effektiv sahəvi təşkilatlanma, sektorun problemləri və inkişafı ilə bağlı digər məsələlər müzakirə edilmiş kadrların hazırlanmasına, təlimlərin təşkilinə, sektor üzrə müəyyən güzəştlərin edilməsinə, sərgilərə və reklama dəstəyin göstərilməsinə dair fikir və təkliflər səsləndirilmişdir.

Mədəniyyət Nazirliyi iyunun 22-də Bakı Konqres Mərkəzində keçirilən yerli və beynəlxalq dizaynerlərin III “Azerbaijan Design Award” (“Azərbaycan dizayn mükafatı”) müsabiqəsinin yekun tədbirinin təşkilində Azərbaycan Dizaynerlər Assosiasiyasına dəstək göstərmişdir. “Şuşa İli”, “Sənaye”, “Tətbiqetmə”, “İnteryer”, “Eksteryer”, “Reklam”, “İllüstrasiya”, “Qablaşdırma dizaynı”, “Brendinq”, “Veb”, “Çap” dizaynları nominasiyaları üzrə I, II və III yerlərin qalibləri elan olunmuşdur. Qeyd edək ki, 2018-ci ildən keçirilən “Azerbaijan Design Award” müsabiqəsi ölkənin ən böyük canlı dizayn auditoriyasını özündə cəmləşdirərək dizayn sahəsinin inkişafı istiqamətində görülən işlərə töhfə verir. Yerli və beynəlxalq dizaynerlər üçün ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn bacarıqlarını inkişaf etdirmək və istedadlı şəxsləri üzə çıxarmaq məqsədi daşıyır. Müsabiqə çərçivəsində müxtəlif mövzular üzrə yerli və xarici dizaynerlər tərəfindən təqdim olunan layihələr Azərbaycandan olan mütəxəssislər də daxil olmaqla beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions Azerbaijan 2022” müsabiqəsi keçirilmişdir. Reklam istehsalçılarının ən nüfuzlu beynəlxalq tədbiri olan və 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində keçirilən “Cannes Lions” festivalının gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi ikinci dəfə ölkəmizdə təşkil olunmuşdur. 2022-ci ilin 7 may tarixində Nizami Kino Mərkəzində “çap” və “videoçarx” kateqoriyaları üzrə baş tutan müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi baş tutmuşdur. Qaliblər nazirliyin dəstəyi ilə 2022-ci ilin 20-24 iyun tarixində Fransanın Kann şəhərində təşkil olunan  “Cannes Lions 2022” beynəlxalq yaradıcılıq festivalında iştirak etmişlər.

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən 1 dekabr 2021-ci il – 18 mart 2022-ci il tarixlərində “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” layihə müsabiqəsi keçirilmiş, müsabiqəyə təqdim olunmuş 45 layihədən 7 layihəyə müəyyən edilmiş məbləğdə nazirlik tərəfindən dəstək göstərilməsi qərara alınmışdır. Bundan əlavə, kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ssenari portfelini formalaşdırmaq məqsədilə iyunun 1-dən kinostudiya tərəfindən “Azərbaycanfilm” – 100” adlı ssenari müsabiqəsi elan edilmişdir. “Azərbaycanfilm”in 100 illiyi münasibətilə elan olunan müsabiqəyə Qarabağ mövzusunda ssenarilər qəbul olunur.

“Azərbaycanfilm” Kinostudiyasında “Mərmər soyuğu”, “Məryəm” tammetrajlı bədii, “Böyük qırmızı ev” bədii-sənədli filmlərinin, “Görünməyən qəhrəmanlar – 2” sənədli filmlər silsiləsindən 2 filmin, “Salnaməfilm” studiyasında “Torpaq”, “Mən neft tapdım. Salmanov” sənədli filmlərinin, “Debüt” studiyasında “İki gün” qısametrajlı bədii, “Evimin səsi” sənədli filmlərinin, “Mozalan” studiyasında “İkinci planetin qırmızı rəngi” qısametrjlı bədii filmin istehsalı başa çatdırılmışdır. “Azərbaycanfilm”də “Doğma torpaq” tammetrajlı bədii filminin (“Narimanfilm”lə birgə), “Mehmandarovlar”, “ANAMA” sənədli filmlərinin, “Görünməyən qəhrəmanlar – 2” sənədli filmlər silsiləsindən növbəti 3 filmin, “Salnaməfilm” studiyasında “Qarabağ” Futbol Klubu” adlı 4 seriyalı sənədli filmin, “Qarın Qulu” tammetrajlı animasiya filminin, eləcə də “Azərbaycanın Milli Qəhrəmanları” sənədli filmlər silsiləsindən növbəti filmlərin, “Azanfilm” studiyasında “Oğurlanmış Bahar” animasiya filminin istehsalı davam etdirilmişdir.

Ötən dövr ərzində nazirlik tərəfindən keçirilən “Böyük qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibi olan “Hasar” (“Ultra prodakşn”) bədii filminin istehsalı başa çatdırılmış, “Tanrının nəbzi” (“İnterAz Media and Broadcasting Company” MMC), “Arxa cəbhə” (“Karvan Prodakşn”) bədii, “Çin olan gizlinlər” (“Balans” studiyası) sənədli, “Qarabağ nağılı” (“Birlik” kinostudiyası) və “Tarix” (“OB Film”) animasiya filmlərinin müstəqil kino şirkətləri tərəfindən istehsalı davam etdirilmişdir. Həmçinin Vətən müharibəsində qazanılan şanlı Zəfərə həsr olunmuş “Həyat, deyəsən, gözəldir” (rejissor Xalq artisti Vaqif Mustafayev) tammetrajlı bədii filminin istehsalı başa çatdırılmış, Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar, həmçinin Vətən müharibəsi haqda “Narimanfilm” MMC ilə birgə çəkilən “Doğma torpaq” (rejissor İlqar Safat) tammetrajlı bədii filminin istehsalı da davam etdirilmişdir.

Türkiyədə fəaliyyət göstərən, "Kuruluş Osman", "Diriliş Ertuğrul", "Aşkın yolculuğu. Yunus Emre", "Mendirman Celaleddin", "Destan" kimi uğurlu serial layihələrinə imza atmış “Bozdağ Film" şirkəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə "Qarabağ Vətən müharibəsi" adlı çoxseriyalı bədii televiziya filminin istehsalı ilə bağlı hazırlıq işlərinə başlanılmışdır.

İlin birinci yarısında “Azərbaycanfilm” Kinostudiyasının 1969-cu ildə istehsal etdiyi Xalq artisti Eldar Quliyevin “Bir cənub şəhərində” filminin “Balans” milli rəqəmsal bərpa studiyası tərəfindən yenidən bərpa olunmuş variantının 27 yanvar tarixində Nizami Kino Mərkəzində nümayişi təşkil edilmişdir.

Fevralın 12-də Şəki Heydər Əliyev Mərkəzində əfsanəvi qəhrəman, Böyük Vətən müharibəsində Fransa milli müqavimət hərəkatının fəal üzvlərindən olmuş Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr olunmuş, dövlət sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal olunan “O, Xarqo idi” sənədli filminin təqdimat mərasimi keçirilmişdir.

Martın 10-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında çəkilən, Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuş “Həyatın ilmələri” sənədli filminin təqdimatı reallaşdırılmışdır. Bundan əlavə, Nizami Kino Mərkəzində mayın 4-də Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan “Poladın izi ilə” sənədli filminin, iyunun 14-də isə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasından bəhs edən “Torpaq” sənədli filminin təqdimat mərasimi olmuşdur.

İyunun 17-də Mədəniyyət Nazirliyinin sifarişi, “Azərbaycanfilm” Kinostudiyası və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə ərsəyə gələn “Görünməyən qəhrəmanlar” silsiləsindən “Ağxalatlılar” adlı növbəti filmin təqdimatı keçirilmişdir.

Azərbaycan Dövlət Film Fondu tərəfindən yanvarın 14-də Xalq artisti, pianoçu Fərhad Bədəlbəylinin iştirakı ilə rejissor Cəmil Fərəcovun 1987-ci ildə çəkdiyi “Fərhad. Portret cizgiləri” filminin bərpadan sonrakı təqdimatı və F.Bədəlbəyliyə həsr olunmuş fotosərgi keçirilmişdir. Fevralın 3-də “Qırmızı ulduz” ordeni ilə təltif olunmuş Rahib Məmmədovdan bəhs edən, rejissor Cahangir Zeynallının 1987-ci ildə çəkdiyi “Əbədiyyətə qovuşan ömür” filminin bərpadan sonrakı nümayişi və R.Məmmədova həsr olunmuş fotosərgi təşkil edilmişdir.

18 fevral tarixində maestro Niyazinin 110 illik yubileyi münasibətilə rejissor Rauf Nağıyevin 1975-ci ildə çəkdiyi “Maestro Niyazi” sənədli filminin bərpadan sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində təqdimatı olmuşdur. Fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar faciəyə həsr edilmiş “Sonsuz dəhliz” sənədli filminin nümayişi, martın 15-də kinoşünas, kinodramaturq Aydın Dadaşovun 70 illik yubileyi münasibətilə onun ssenari müəllifi, Xamis Muradovun rejissoru olduğu 1987-ci ildə çəkilmiş “Əks-səda” və “Balaban” sənədli filmlərinin bərpadan sonra təqdimatı keçirilib. 4-11 aprel tarixində Xalq artisti Ağasadıq Gəraybəylinin 125 illik yubileyi münasibətilə fotosərgi, aprelin 15-də kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar rejissoru olduğu “Gözləmə saatı” və fondda bərpa olunmuş “Biri vardı, biri yoxdu...” filmlərinin nümayişi və E.Quliyevə həsr edilmiş fotosərgi keçirilmişdir.

Mayın 6-da “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans və rejissor Vaqif Mustafayevin Ulu öndərə həsr etdiyi “Əsl məhəbbət haqqında” sənədli filminin nümayişi, iyunun 16-da Xalq artisti Amaliya Pənahovanın doğum günü münasibətilə sənətkarın xatirə gecəsi və ona həsr olunmuş fotosərgi, Dövlət Film Fondunun təşkilatçılığı ilə yanvarın 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan kinosunun fədakar veteranı, fotoqraf-rəssam, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin 80 illik yubiley gecəsi təşkil olunmuşdur.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu ilin 6-8 mart tarixində kitabxanalar üçün e-kitabxana proqramı, Naşirlərin Fikir Marafonu (“Ideathon”) və 11-13 mart tarixlərində müəlliflik hüququ, pirat məhsullara qarşı mübarizə, ISBN sistemi və TEDA proqramı üzrə təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunan seminar və təlimlərdə Azərbaycan Mədəniyyət Nazirliyinin bir neçə əməkdaşının iştirakı təmin edilmişdir.

Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən 16 noyabr 2021-ci il tarixində elan olunan “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsinə yekun vurulmuşdur. 19 ölkədən 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) 264 esse təqdim edilmişdir. 4 aprel 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində müsabiqə qaliblərinin təltifetmə mərasimi baş tutmuşdur.

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların fondlarının yeni ədəbiyyatlar hesabına zənginləşdirilməsini diqqətdə saxlayır. Bu məqsədlə 5 aprel tarixində “Nəşrlərin satınalınması müsabiqəsi” elan edilmişdir. Müsabiqəyə nəşrlərin qəbulu 16 may 2022-ci il tarixinədək davam etdirilmişdir. Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya tərəfindən müsabiqəyə təqdim olunan nəşrlər arasından 454 adda kitabdan 50465 nüsxəsinin satınalınması qərara alınmış, seçilən nəşrlər kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilmişdir.

Nazirlik İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin ədəbiyyat materialına çevrilərək gələcək nəsillərə çatdırılması istiqamətində də layihələr həyata keçirir. Bununla əlaqədar nazirlik tərəfindən 21 iyun tarixində roman, dram və mənzum hekayə janrları üzrə ədəbi müsabiqə elan olunmuşdur. Müsabiqəyə əsərlərin qəbulu 2022-ci ilin sonunadək davam edəcək.

 

Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təşviqi

Mədəniyyət Nazirliyi mədəni zənginliklərimizin beynəlxalq aləmdə təbliğini diqqətdə saxlayır. Bu mənada işğaldan azad edilmiş ərazilərdəki tarixi-mədəni mirasımıza önəm verilir.

Bu ilin 29 mart – 1 aprel tarixlərində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının fövqəladə iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilmiş və bununla əlaqədar təqdimat keçirilmişdir.

1-6 may 2022-ci il tarixlərində mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində bir sıra mühüm tədbirlər, dövlət rəsmiləri və mədəniyyət müəssisələrinin rəhbər şəxsləri ilə görüşlər baş tutmuşdur. 5 may tarixində BMT-nin baş qərargahında 20-dən çox ölkənin bu qurum yanında daimi nümayəndələrinin iştirakı ilə Azərbaycan tərəfindən irəli sürülmüş “Mədəniyyət naminə sülh” qlobal çağırışının 2022-2027-ci illər üçün Fəaliyyət Planının təqdimat mərasimi keçirilmişdir. Tədbir eyni zamanda BMT-nin rəsmi internet hesabında da canlı yayımlanmışdır. Tədbirdə açılış nitqi ilə çıxış edən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq kontekstində verdiyi əvəzsiz töhfələrdən bəhs etmiş və “Mədəniyyət naminə sülh” qlobal çağırışı təşəbbüsünün dünyanın hər bir yerində postmünaqişə dövründə mədəni dirçəlişi təşviq edəcəyinə inandığını bildirmişdir. Nazir Anar Kərimov sözügedən fəaliyyət planını təqdim edərək sənədin ehtiva etdiyi əsas prioritet istiqamətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Daha sonra A.Kərimov və M.A.Moratinosun iştirakı ilə Fəaliyyət Planının imzalanma mərasimi baş tutmuşdur. Səfər çərçivəsində, həmçinin Vaşinqton şəhərində ABŞ-Azərbaycan Ticarət Palatasının binasında böyük mütəfəkkir şair, yazıçı və dramaturq Hüseyn Cavidin barelyefinin təqdimat mərasimi olmuşdur. Nyu-York şəhərində "Agdam Delenda est" adlı sərginin açılış mərasimi təşkil edilmişdir. İtaliyanın məşhur incəsənət xadimi, kurator, fotoqraf Fabrisio Konti tərəfindən təşkil olunan sərgidə əsasən Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərimizin təsvirlərindən ibarət fotolar nümayiş etdirilmişdir. Həmçinin F.Kontinin müəllifi olduğu elektron sərgi və 3D elektron tur da təqdim edilmişdir.

20 may 2022-ci il tarixində, Bakıda, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovla ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında “Azərbaycan Respublikası Hökuməti və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO arasında ICESCO-nun Regional Ofisinin yerləşməsi haqqında Saziş” imzalanmışdır.

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının müvafiq Reprezentativ Siyahısına əlavə olunması üçün “İftar və onunla bağlı sosial-mədəni ənənələr” və “Təzhib/İşıqlandırma sənəti” adlı nominasiya faylları yazılmış, müvafiq audio-vizual materiallar hazırlanmış və dosyelər UNESCO-ya təqdim edilmişdir. UNESCO-nun “Görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri Proqramı”na daxil edilmiş görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar cari ilin noyabr ayında UNESCO-nun Parisdəki mənzil-qərargahında konsertin təşkil olunması istiqamətində işlər aparılır, habelə sözügedən proqram çərçivəsində təqdim edilməsi məqsədilə cari il ərzində nominasiya faylları hazırlanmaqdadır.

Nazirlik tərəfindən yaradıcı şəhərlərdə davamlı inkişafı dəstəkləmək üçün 4 illik fəaliyyət planı haqqında “Şəki üzvlük monitorinq hesabatı” UNESCO Yaradıcı Şəhərlər Şəbəkəsi Katibliyinə təqdim olunmuşdur. Qeyd edək ki, bu hesabat davamlı inkişafı dəstəkləmək üçün mədəniyyətin və yaradıcılığın gücündən istifadə edərək 4 illik fəaliyyət planının həyata keçirilməsində irəliləyişə nəzarət etmək üçün yaradıcı şəhərlərə faydalı vasitədir. UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi” haqqında 2005-ci il Konvensiyasına üzv olan ölkələrin hər 4 ildən bir  Konvensiyanın icrasına dair təqdim etdiyi ötən dövrü əhatə edən dövri hesabat UNESCO-ya təqdim olunması üçün hazırlanmışdır. Sözügedən hesabatda üzv ölkələr tərəfindən 4 il ərzində yerli və beynəlxalq səviyyədə multikulturalizmin inkişafı və mədəni özünüifadə müxtəlifliyinin qorunması sahəsində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumatlar təqdim olunur.

Mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinə dair namizədlik sənədinin hazırlanıb təqdim olunması məqsədilə də müvafiq işlər görülür. Xudafərin körpülərinin, Azıx və Tağlar mağara düşərgələrinin UNESCO-nun ilkin siyahısına daxil edilməsi üçün nominasiya faylı hazırlanmış və qarşı tərəfə təqdim edilmişdir. Xəzər istehkamlarının müvafiq siyahıya daxil edilməsi istiqamətində də hazırlıq tədbirləri görülür.

5 aprel tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya layihəsinə həsr olunan mətbuat konfransı baş tutmuş və mətbuat nümayəndələrinə layihə barədə kurator Angelo Bucarelli tərəfindən ətraflı məlumat verilmişdir. Layihə çərçivəsində dünyanın məşhur fotoqraflarının 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və həmin fotoşəkillərdən ibarət sərgi keçiriləcək. Layihə Almaniya, Türkiyə, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşacaq. Həmçinin bu layihəyə yerli gənc fotoqraflar da cəlb olunacaq və layihə çərçivəsində onlar dünyaca məşhur fotoqraflar ilə görüşmək imkanı əldə edəcəklər. Xarici mütəxəssislər tərəfindən gənc fotoqraflar üçün treninq proqramları da təşkil olunacaq. Sonda layihənin dünyada geniş təbliği məqsədilə çəkilən fotoşəkillərdən ibarət kitab nəşr olunacaq və həm Azərbaycanda, həm də fotoqrafların öz ölkələri və dünyanın müxtəlif ölkələrində səyyar sərgilər təşkil ediləcək. Dünyaca məşhur türk fotoqraf Hüseyn Taşkın 16-23 may tarixlərində ölkəmizdə səfərdə olmuş, Şuşada yaz fəslindən fotoları lentə almış və Bakıda gənc fotoqraflar üçün təlim keçmişdir. Şuşada yay fəslindən fotoları lentə alacaq növbəti fotoqraf Reto Guntlidir (İsveçrə).

12-22 may tarixlərində İstanbulun Atatürk Kültür Mərkəzində rəssam Nigar Abbasbəylinin Qarabağ Zəfərinə həsr edilmiş “Qarabağ mirası” adlı tematik rəsm sərgisi keçirilmişdir.

Hesabat dövründə teatrlarımızın xarici ölkələrə qastrol səfərləri təşkil edilmişdir. 22-25 fevral tarixlərində Azərbaycan Dövlət Pantomima Teatrı “Xocalı bu olub” tamaşası ilə Polşanın Varşava şəhərində, 14-22 mayda Gənc Tamaşaçılar Teatrı “Dəlinin qeydləri” tamaşası ilə Makedoniyanın Bitola şəhərində, Azərbaycan Dövlət Dram Teatrı “On ikinci gecə” tamaşası ilə Türkiyənin Trabzon şəhərində beynəlxalq teatr festivalında, Yuğ Dövlət Teatrı “Min nəfəs – bir səs” festivalında “Kloun biz” tamaşası ilə Türkiyənin Konya şəhərində qastrol səfərlərində olmuşlar. 23-28 iyunda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Utancaq qız” tamaşası ilə Belarusun Minsk şəhərində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri 1-5 iyun tarixlərində Gürcüstanda səfərdə olmuşlar.

Milli kino sənayesini, ölkəmizin turizm potensialını inkişaf etdirmək məqsədilə Azərbaycanı dünyada kino çəkiliş məkanına çevirməklə bu sahəyə əlavə gəlir mənbəyi qazandıran “Filming Azerbaijan” (Azərbaycan Film Komissiyası) studiyasının BƏƏ-də keçirilən “Dubai Expo 2020” dünya sərgisi çərçivəsində yanvarın 11-də Terra auditoriyasında təqdimatı olmuşdur. Müxtəlif ərəb ölkələrindən kino şirkətlərinin iştirak etdiyi tədbirdə “Filming Azerbaijan”ın layihələri barədə Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi tərəfindən məlumat verilmiş, ölkəmizin reklam videoları və həmçinin Azərbaycanın azad edilmiş torpaqlarında "Filming Azerbaijan" tərəfindən çəkilmiş Qarabağın tarixi abidələri ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.

Azərbaycan Mədəniyyət Nazirliyi Rusiya Dövlət Film Fondu və bu ölkənin “İllüzion” kinoteatrı ilə birgə 7-15 fevral tarixlərində Moskva şəhərində “Azərbaycan Kinosu Retrospektivi” adlı tədbir təşkil etmiş, tədbir çərçivəsində XX əsrin əvvəllərindən bu günədək istehsal olunmuş Azərbaycan kinosunun qiymətli nümunələrindən 19 film nümayiş olunmuşdur.

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi aprel ayının 1-dən 10-dək Niderland Krallığında keçirilən “Go Short” Beynəlxalq Qısa Filmlər Festivalının, 3-5 iyun tarixində isə Hindistanda 12-ci “Pune” Beynəlxalq Qısa Filmlər Festivalının əsas müsabiqə proqramında nümayiş olunaraq ölkəmizi təmsil etmişdir.

Mədəniyyət Nazirliyinin əməkdaşları, Azərbaycanın tanınmış incəsənət xadimləri və Əhməd Cavadın ailə üzvlərindən ibarət nümayəndə heyəti istiqlal şairinin 130 illiyi münasibətilə TÜRKSOY təşkilatı, Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara şəhərinin Etimesqut rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə 6-7 iyun tarixlərində Ankara şəhərində keçirilən anım tədbirlərinə qatılmışdır. Anım tədbirləri çərçivəsində Əhməd Cavadın şeirlərindən ibarət türk dilində nəşr olunan toplunun təqdimatı, Ankarada şairin adının verildiyi küçənin açılışı və ədibə həsr olunan konsert proqramı baş tutmuşdur.

Mədəniyyət Nazirliyi hesabat dövründə bir sıra ölkələrdə keçirilən kitab sərgilərində Azərbaycanın nəşriyyat-poliqrafiya mədəniyyətini nümayiş etdirmişdir. 31-ci Doha Beynəlxalq Kitab Sərgi-Yarmarkası (Qətər, 12-21 yanvar), 53-cü Qahirə Beynəlxalq Kitab Sərgi-Yarmarkası (Misir, 26 yanvar – 6 fevral) və Tehran Beynəlxalq Kitab Sərgi-Yarmarkasında (İran, 11-21 may) kitablarımız nümayiş olunmuşdur. Sərgilərdə nazirliyin əməkdaşları tərəfindən ziyarətçilərə tariximiz, Qarabağ həqiqətləri, şanlı Qələbəmiz, mədəniyyətimiz və ədəbiyyatımız haqqında ətraflı məlumat verilmişdir.

Mədəniyyət Nazirliyi və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 20-də  Beynəlxalq Muğam Mərkəzində “Kitabi-Dədə Qorqud” dastanının özbək dilində nəşrinin təqdimatı keçirilmişdir. Tədbirin ardınca Azərbaycan və Özbəkistanın tanınmış ədəbiyyat xadimləri və yaradıcı şəxslərindən ibarət nümayəndə heyətinin 23-25 aprel tarixlərində Şuşa şəhərinə səfəri baş tutmuşdur.

İyunun 20-21-də Azərbaycan Milli Kitabxanasının nümayəndəsi Türkiyə Prezident Kitabxanasının ev sahibliyi etdiyi 36-cı CENL (Avropa Milli Kitabxanalarının Konfransı) illik iclasında iştirak etmişdir. İclas çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdəki tarixi abidələrin, mədəniyyət müəssisələrinin, eləcə də kitabxanaların cari vəziyyəti barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Mədəniyyət siyasəti sahəsində meyar və standartlar yaratmaq üzrə aparıcı onlayn informasiya və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası çərçivəsində əməkdaşlıq davam etdirilir. Sözügedən platforma çərçivəsində təqdim olunan “Azərbaycan mədəniyyət siyasətinə dair milli məruzə” (https://www.culturalpolicies.net/database/search-by-country/) beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Fevral ayında Bakı Xoreoqrafiya Akademiyası tam orta məktəbinin şagirdləri Leyla Dəmirova və Liana Bernadina Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli rus balerinası Anna Pavlovanın anadan olmasının 140 illiyinə həsr olunmuş “Klassik və müasir rəqs ifaçılarının beynəlxalq konsert müsabiqəsi”ndə iştirak etmiş, 107 ifaçı və 215 rəqs arasında şagirdlərimiz I və II dərəcəli laureat adına layiq görülmüşlər.

İsveçin Stokholm şəhərində keçirilən (fevral) və 18 ölkədən iştirakçıların qatıldığı “AURORA” ifaçılıq və bədii sənət üzrə II beynəlxalq müsabiqəsində Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec) təhsili pilləsinin tələbələrindən ibarət “Bakının ulduzları” rəqs ansamblı Qran-pri mükafatına, tam orta təhsil pilləsinin şagirdləri Şirin Əmiraslanova, Liana Bernadina və Leyla Dəmirova I dərəcəli laureat adına layiq görülmüşlər. 26-28 fevral tarixlərində Rusiyada keçirilən “TALANT-2022” VIII beynəlxalq televiziya müsabiqəsində BXA-nın orta ixtisas təhsili pilləsinin tələbələri uğurla iştirak etmişlər. Müxtəlif nominasiyalar və janrlar üzrə 1471 iştirakçının qatıldığı müsabiqədə BXA-nın tələbələri Qran-pri mükafatına və I dərəcəli diploma layiq görülmüşlər.

5 mart tarixində Litvanın Vilnüs şəhərində “Ənənəvi incəsənətin professional musiqinin inkişafına təsiri” adlı musiqi və incəsənət məktəbləri şagirdlərinin Beynəlxalq Konfransı (onlayn formatda) keçirilmişdir. Konfransda Azərbaycanı BXA-nın orta ixtisas təhsil pilləsinin tələbələri Səbinə Məmmədova, Darya Maslyakova, Aliyə Salahova və Sara Məmmədova “Doğma yurdun təbiəti musiqi və rəqsdə” məruzəsi ilə çıxış edərək slayd nümayiş etdirmişlər. Slaydda Azərbaycan xalq rəqsləri “Turacı”, “Yallı”, “Şuşanın dağları” mahnısına qurulmuş rəqs və “Bayatı-Şiraz” muğamından bir fraqment nümayiş olunmuşdur. Məruzə və təqdimat konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, tamaşaçıların Azərbaycan musiqi mədəniyyətinin unikallığına valeh olduğu təşkilatçılar tərəfindən xüsusi vurğulanmışdır.

16-21 mart tarixlərində Bakı Xoreoqrafiya Akademiyasının tədris şöbəsinin müdiri, dosent Yeganə Tapdıqova və Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının dəvəti ilə Nur-Sultan şəhərində keçirilən Gənc xoreoqrafların IV müsabiqəsində fəxri qonaq qismində iştirak etmişlər. Habelə BXA-nın nümayəndə heyəti 20-25 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə “Ənənəvi musiqi həftəsi” çərçivəsində keçirilən IX Beynəlxalq Musiqi və Rəqs Konqresində ölkəmizi təmsil etmişdir. Konqresə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Hindistan, Rusiya (Xakasiya, Tuva, Altay respublikaları), İtaliya, Böyük Britaniya, Almaniya, Macarıstan və digər ölkələrdən elm, incəsənət, mədəniyyət və təhsil nümayəndələri qatılmışlar. Səfər çərçivəsində BXA-nın orta ixtisas təhsil pilləsinin direktoru Tahir Eynullayev Bişkek Xoreoqrafiya Məktəbinin şagird və tələbələrinə ustad dərsləri keçmiş, Azərbaycan xalq rəqslərinin tarixi və ifasına dair məlumat vermişdir. Ustad dərsində konqresə qatılan müxtəlif ölkələrin nümayəndələri də qoşulmuşlar.

30 aprel – 2 may tarixlərində BXA-da Beynəlxalq Rəqs Gününə həsr olunmuş beynəlxalq elmi simpozium keçirilmişdir. Azərbaycan, Türkiyə, Rusiya (Xakasiya, Tuva), İran, Qazaxıstan və Özbəkistandan 40-a yaxın iştirakçının qatıldığı simpoziumda mədəniyyətlərarası dialoqda rəqs sənəti, rəqs sənətində ənənə və müasirlik, müasir elmdə xoreoqrafik əsərlərin təhlili və təfsiri problemləri, xoreoqrafiya sənətinin müasir formalarının inkişaf perspektivləri, təsviri sənətdə xoreoqrafik obrazlar, rəqs və musiqinin vəhdəti, televiziya məkanında rəqs sənəti və müxtəlif incəsənət növlərinin aktual problemləri mövzularında elmi məruzələr təqdim olunmuşdur.

 

İşğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı prioritetlərdəndir

Vətən müharibəsindən ötən qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturla yanaşı, mədəni quruculuq işləri də həyata keçirilir. 30 ildən sonra əzəli torpaqlarımıza mədəniyyətin qaytarılması məqsədilə çoxsaylı layihələr reallaşdırılır.

12-14 may tarixində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə qala-şəhərimizdə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilmişdir. Mayın 12-də məşhur Cıdır düzündə Azərbaycanın və xarici ölkələrin müxtəlif folklor kollektivlərin çıxışlarından ibarət açılış konserti, digər günlərdə isə həm Cıdır düzü, həm də Üzeyir Hacıbəylinin heykəlinin qarşısında quraşdırılmış kiçik səhnədə Azərbaycan regionlarının folklor kollektivlərinin, həmçinin Azərbaycan və xarici ölkələrin folk-caz, folk-rok, folktronika, folk-pop kollektivlərinin konsertləri baş tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etmişlər. Mayın 14-də Cıdır düzündə festivalın təntənəli bağlanış mərasimi keçirilmişdir.

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ölkəmizdə və xaricdə geniş rezonans doğurmuşdur. “Euronews” telekanalı festival haqqında reportaj yayımlamışdır. Süjetdə festivalın Şuşada keçirilməsi xüsusi vurğulanaraq şəhərin Azərbaycanın mədəniyyət paytaxtı olması ilə yanaşı, təbiətinin gözəllikləri, sıldırım qayaları, Cıdır düzünün gözəlliyi qeyd edilir. Reportajda, həmçinin Şuşanın əsrarəngiz gözəlliyi fonunda festivalın rəngarəngliyi və multikultural Azərbaycanın mədəni müxtəlifliyi haqqında söz açılır.

İşğaldan azad olunmuş ərazilərdə və cəbhə bölgələrində teatr tamaşalarının nümayişi çərçivəsində 28-29 iyun tarixlərində Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Şuşada açıq havada tamaşa nümayiş etdirilmişdir.

Tarixi Zəfərlə başa çatan Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak etmişlər. Onlardan on nəfər qazi adını almışdır. Adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk etmiş bu igidlərin bütün ölkə ictimaiyyəti tərəfindən daha geniş tanınması məqsədilə Mədəniyyət Nazirliyi “Səhnədən səngərə: qazilər” layihəsini təqdim etmişdir. Layihə çərçivəsində qazi mədəniyyət işçilərimizə həsr olunan videoçarxlar hazırlanmışdır. Onların 44 günlük müharibə müddətində göstərdikləri şücaət, ailə üzvləri, doğmaları, döyüş yoldaşları ilə söhbət və müsahibələrdən ibarət olan hər bir videoçarxda qazilərimizin mədəniyyət sahəsində fəaliyyəti, qəhrəmanlığı əks etdirilmişdir. Yanvar-iyun ayları ərzində 6 qazimizə (Ələmdar Quliyev (Yevlax Mədəniyyət Mərkəzi, xanəndə), Tərlan Əsgərli (Akademik Milli Dram Teatrı, butaforçu rəssam), Atəş Qarayev (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti), Məsim Məsimzadə (Abşeron rayon Qobu qəsəbə Uşaq incəsənət məktəbinin tar müəllimi), Fərrux Həsənov (“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının solisti) və Turan Musayevə (Balakən rayon 1 saylı şəhər Sənətkarlıq klubunun müdiri) həsr olunan videoçaxrlar hazırlanmışdır.

Aprelin 20-də “Səhnədən səngərə: qazilər” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimovun İkinci Qarabağ müharibəsi qaziləri ilə görüşü təşkil edilmişdir. Görüşdə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışmışdır. Sonra qazilərə nazirliyin fəxri fərmanları təqdim olunmuşdur. 

“Şuşa İli”nə töhfə olaraq  Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start vermişdir. Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək məqsədilə layihə yeddi bölmədən ibarətdir: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”. Layihə çərçivəsində hazırlanan materiallar Mədəniyyət Nazirliyinin rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələrində yayımlanır. Cari ilin yanvar-iyun aylarında müvafiq bölmələr üzrə 22 mövzuda (Xurşidbanu Natəvan, “Şuşanın dağları” mahnısı, “Şuşa xalça qrupu”, “Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi”, Şuşa muğamı, Şuşanın ədəbi həyatı, qadın geyim dəsti, “Nəlbəkigül” xalçası, Üzeyir Hacıbəyli, Yuxarı Gövhər ağa məscidi, Şuşanın musiqi məclisləri, arxalıq (XX əsrin əvvəli), Vaqif Poeziya Günləri, “Bulud” xalçası, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Əbdürrəhim bəy Haqverdiyev, Mehmandarovların malikanə kompleksi, Nəcəf bəy Vəzirov, Çəpkən, “Məclisi-üns” ədəbi məclisi, Bülbül, Şuşa qalası) paylaşımlar edilmişdir.

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən və Şuşa mədəniyyətinin dirçəlişi məqsədi daşıyan daha bir təşəbbüs “Şuşa söhbətləri” (“Shusha talks”) layihəsidir. Layihənin əsas məqsədi Qarabağın, onun tacı Şuşanın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdir. İctimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin də iştirak etdiyi təqdimat mərasimində Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşanın tanıdılmasına yönələn layihənin əhəmiyyəti diqqətə çatdırılmışdır. Təqdimat mərasimində Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova, dünya şöhrətli fotojurnalist Reza Deqati, Xalq artistləri Nurəddin Mehdixanlı, Mənsum İbrahimov, Əməkdar mədəniyyət işçisi Rahib Azəri, musiqiçi Zəhra Bədəlbəyli, Şuşanın azad olunmasında iştirak edən döyüşçülərdən Zaur Hüseynov və Əməkdar artist Tahir İmanov ilə Şuşa mövzusunda fikir mübadiləsi və söhbət aparılmışdır. Beynəlxalq Muğam Mərkəzində layihə üzrə “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş ikinci görüş təşkil olunmuşdur. Görüşdə Xalq artisti, “Cəngi” estrada folklor ansamblının rəhbəri Mircavad Cəfərov, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə, Əməkdar artistlər Aybəniz Haşımova və Nuriyyə Hüseynova, tarzən Arslan Növrəsli Şuşada “Xarıbülbül” festivalında iştirakları və yaşadıqları təəssüratı bölüşmüşlər.

Nazirlik tərəfindən “Şuşa qalası” layihəsinə də başlanılmışdır. Layihə çərçivəsində Şuşanın müxtəlif məhəllələrində tarixi tikililər, adət-ənənələr, insanların əsas məşğuliyyəti, təsərrüfat və dekorativ-tətbiqi sənət növləri, eləcə də memarlıq nümunələri ilə bağlı məlumatların əks olunduğu videomateriallar hazırlanacaq. Həmin videoçarxlarda əsrlər boyu həmin ərazilərdə kök salmış nəsillər barədə informasiya, həmçinin mədəniyyət beşiyimiz Şuşada aparılan yenidənqurma və bərpa prosesi nümayiş olunacaq.

Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edilmişdir. Müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir. Nazirlik “Vətənin özü tarixin gözü ilə” layihəsini də həyata keçirir. Layihənin tanıtım videoçarxı ictimaiyyətə təqdim olunmuşdur.

21-22 aprel tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən memarlıq abidələrinin bərpası və konservasiyası üzrə xarici ekspertlərin iştirakı ilə "Qarabağ və Şərqi Zəngəzur memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi-praktik konfrans təşkil edilmişdir. Konfrans memarlıq irsinin qorunması və istifadəsinin geniş spektri problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpasına, bu irsin qorunması problemlərinin hüquqi aspektlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunmuşdur. Konfransda işğaldan azad edilmiş ərazilərin memarlıq, şəhərsalma tarixi və bərpası ilə bağlı məsələlər müzakirə edilmiş, memarlıq irsinin reabilitasiyası üçün tövsiyələr hazırlanmış, tarixi şəhərlərdə mövcud idarəetmə sistemi təcrübəsi təhlil edilmişdir.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 19-20 may tarixlərində “Postmünaqişə dövründə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Şuşa İli" ilə bağlı Tədbirlər Planı çərçivəsində Mədəniyyət Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Tədbir zamanı postmünaqişə dönəmində mədəniyyətin əhəmiyyəti, davamlı sülhün əldə edilməsində mədəni irsin əhəmiyyəti, ətraf mühitin qorunması və s. kimi mövzular ətrafında panel müzakirələr təşkil olunmuşdur. Konfransda İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev, Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru Vebber Ndoro, digər beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələri, konfransın mövzuları üzrə ixtisaslaşmış müstəqil xarici ekspertlər, 8-i diplomatik nümayəndəliklərin rəhbərləri olmaqla ölkəmizdə akkreditə olunmuş 15 diplomatik korpus təmsilçisi (Avropa İttifaqı Nümayəndəliyi, Britaniya Şurası, Əfqanıstan, Fələstin, Gürcüstan, Xorvatiya, Qətər, Macarıstan, Mərakeş, Polşa, Sudan, Serbiya, Səudiyyə Ərəbistanı, Rusiya və Ukrayna), habelə yerli dövlət qurumlarının, qeyri-hökumət və gənclər təşkilatlarının nümayəndələri də daxil olmaqla 120-yə yaxın nümayəndə iştirak etmişdir. Tədbirin sonunda iştirakçıları tərəfindən “Birgə müraciət” qəbul edilərək beynəlxalq ictimaiyyətə Azərbaycan Hökumətinin postmünaqişə dövründə mədəni irsin qorunması və bərpası isit qamətində apardığı işlərə və humanitar təşəbbüslərinə dəstək və mədəni dirçəlişə töhfə verilməsinə çağırış edilmişdir.

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə 15 mart – 15 iyun tarixlərində heykəltəraşlıq müsabiqəsi elan edilmişdir. Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltəraşlıq abidələrinin qorunmasıdır. İctimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış müsabiqəyə heykəltəraşlar tərəfindən bir çox nümunələr təqdim edilmişdir. Müsabiqəyə nümunələrin qəbul müddətinin yetərsiz olması ilə bağlı heykəltəraşların istəkləri nəzərə alınaraq müsabiqənin 1 sentyabr 2022-ci il tarixinədək uzadılmasına dair qərar qəbul edilmişdir.

Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin, Füzuli Memorial Kompleksi və Zəfər Muzeyinin, eləcə də Cəbrayıl Memorial Kompleksi və Döyüş Muzeyinin tikintisi üçün yekun layihələndirilmə işlərinin aparılması və komplekslərə daxil olan muzeylər ilə bağlı məzmunun hazırlanması işlərinin 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Mədəniyyət Nazirliyinə ayrılan məbləğ hesabına növbəti yarımildə icrası nəzərdə tutulur. İşlərin icrası komplekslərin ilkin layihələndirilməsini həyata keçirən İtaliyanın “Artcloud Network International s.c.r.l.” şirkətinə həvalə olunacaq.

Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdə yaradılması nəzərdə tutulan muzey kompleksləri üçün xüsusi konsepsiyaların hazırlanması məqsədilə müvafiq sahə üzrə böyük iş təcrübəsi olan xarici şirkətlər və mütəxəssislərlə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində qısa müddət ərzində Zəngilan və Kəlbəcər rayonları üçün işğal və zəfər muzeyləri kompleksləri ilə bağlı konsepsiyalar hazırlanaraq ölkə rəhbərliyinə təqdim olunmuş və layihənin həyata keçirilməsinə dair ilkin razılıq əldə edilmişdir.

26 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi təşkil olunmuşdur. Bu yeni kompleksin ilkin konsepsiyası ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi (729 kv.m), Zəfər Muzeyi (554 kv.m) və dağıntıları əks etdirən Memorial Parkdan (10.500 kv.m) ibarət olacaq. Zəngilan İşğal və Zəfər muzeyləri kompleksinin layihələndirilməsi istiqamətində işlər davam etdirilir.

İyunun 26-da Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi təşkil olunmuşdur. Bu yeni kompleksin ilkin konsepsiyası ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksi də İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleksin layihələndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksinin bərpa edilməsi üçün işlərə başlanılmışdır. Kompleks üçün ilkin konsepsiya layihəsi xarici mütəxəssislər tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuş və müsbət qarşılanmışdır.

Füzuli, Ağdam, Cəbrayıl rayonlarında mədəniyyətin bərpası konsepsiyaları hazırlanaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində müzakirə olunmuşdur. Müzakirələr əsasında Konsepsiyalara yenidən baxılması, müəssisələrin dəqiq saylarının və yerlərinin müəyyən edilməsi üçün müvafiq xəritələr əsasında sahə və ərazilər müəyyən olunmuşdur.

“Azıx-Tağlar-Zar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun yaradılması istiqamətində hazırlıq və rəsmiləşdirmə işləri aparılır.

Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidələrinin kataloqunun 2-ci cildinin hazırlanması ilə bağlı müvafiq işlər davam etdirilir. Hazırda arxiv materiallarının toplanılması məqsədilə müxtəlif ədəbiyyat və mənbələr araşdırılır.

Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işlərinin cari ildə davam etdirilməsi məqsədilə müvafiq siyahı tərtib olunmuşdur. Hazırda pasportlaşdırılacaq və mühafizə zonaları müəyyənləşdiriləcək abidələr ilə bağlı tender proseduruna hazırlıq işləri görülür. Azad olunmuş ərazilərdə 30-a yaxın tarix-mədəniyyət abidəsinin pasportlarının hazırlanması nəzərdə tutulur.

Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən obyektlərin (yarımstansiyalar, dəmir yol və avtomobil xətləri, su anbarları və s.) tikintisi planlaşdırılan ərazilərə baxış keçirilmiş və müvafiq rəylər hazırlanaraq Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Eyni zamanda infrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin qorunması üçün qabaqlayıcı mühafizə tədbirlərinin təmin edilməsi məqsədilə  “Google Earth” proqramı əsasında elektron xəritələr tərtib edilmiş, Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş, həmçinin Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilmişdir. İşğaldan azad olunmuş ərazilərdə mühəndis kommunikasiya xətlərinin çəkilişi zamanı abidələrin mühafizəsi ilə bağlı Dövlət Xidmətinin əməkdaşları tərəfindən mütəmadi olaraq abidələrin monitorinqi həyata keçirilir. Aşkar olunan müdaxilə hallarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

İşğaldan azad edilmiş ərazilərdəki fəaliyyət Dövlət Xidmətinin Gəncə və Salyan regional idarələri tərəfindən həyata keçirilir. Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev 27 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən keçirilən təlimlərdə iştirak etmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 25 aprel 2022-ci il tarixində “Azərbərpa ETLİ” MMC-nin mütəxəssislərinə partlayıcı sursatların təhlükəsizliyinə dair maarifləndirmə təlimi keçirilmişdir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Dövlət Xidmətinin müvafiq regional idarələrinin digər əməkdaşlarının da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təlimlərə cəlb edilməsi ilə bağlı işlər aparılır.

8-12 noyabr 2021-ci il tarixində İstanbul şəhərində ilk dəfə keçirilən “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalı zamanı ikinci festivalın 2023-cü ildə Şuşada keçirilməsi qərara alınmışdır. Növbəti ildə Şuşa Beynəlxalq Film Festivalının keçirilməsi ənənəsinin “Korkut Ata” Türk Dünyası Film Festivalı ilə başlanılması istiqamətində işlər davam etdirilmiş, tanınmış kinematoqrafçıların və film istehsalçılarının festivala cəlb olunması ilə bağlı tədbirlər görülmüşdür.

2022-ci il mayın 25-də Beynəlxalq Muğam Mərkəzində Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbinin 90 illik yubiley tədbiri keçirilmişdir.

May-iyun aylarında Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalı keçirilmişdir. 2 yaş qrupu (9-12 və 13-17 yaş) üzrə respublikanın şəhər və rayonlarından istedadlı şagirdlərin qatıldığı festivalın regionlar üzrə mərhələsində 1-ci yerlərin qalibləri final mərhələdə iştirak etmək hüququ qazanmışlar. Bakı şəhərində keçirilmiş festivalın final mərhələsində Xalq artisti Teyyub Aslanovun sədrliyi ilə Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Zakir Əliyevdən ibarət münsiflər heyəti tərəfindən iştirakçıların çıxışı qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. Festival qaliblərinin iştirakı ilə yekun konserti 29 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində baş tutmuşdur. Konsertdə Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Abşeron, Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, Qazax, Quba, Saatlı, Sabirabad şəhər və rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış etmişlər.

 “Şuşa İli” ilə əlaqədar Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Şuşa inciləri” layihəsi həyata keçirilmiş, layihə çərçivəsində Şuşanın tarixi abidələri, məhəllələri, mədəni və ictimai xadimləri haqqında təbliğat xarakterli məlumatlar hazırlanmış və mövzu ilə əlaqəli şəkil və videoların müşayiəti ilə sosial hesablar üzərindən paylaşımlar edilmişdir. Zaqatala şəhərində gənc mədəniyyət işçiləri arasında “Cıdır düzü” adlı intellektual yarış təşkil olunmuşdur. Habelə mərkəz tərəfindən Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərə təhsil almağa göndərilmiş şuşalı tələbələr haqqında məlumat xarakterli posterlər hazırlanaraq sosial hesablar üzərindən paylaşılmışdır.

Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə məktəblilər arasında “Şuşa İli”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsi keçirilmişdir. Mədəniyyət Nazirliyi tərəfindən sözügedən müsabiqənin zona mərhələsinin və 1 iyun tarixində Şuşa şəhərində yekun konsertinin təşkili və keçirilməsi ilə bağlı müvafiq dəstək göstərilmişdir.

 

İdarəetmədə səmərəliliyin artırılması günün tələbidir

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın icrası olaraq Nazirliyin Aparatında və Regional İdarələrdə çalışan dövlət qulluqçuları üçün dövlət qulluqçularının etik davranışı, korrupsiya risklərinin hesablanması ümumilikdə 125 nəfər əməkdaşın iştirakı ilə online təlimlər keçirilmişdir.

Həmçinin 28-29 iyun 2022-ci il tarixlərində Mədəniyyət Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən “İnsan resurslarının idarə edilməsinə ümumi baxış “ mövzusunda təlim keçirilmişdir.

Cari ilin 28-30 iyun tarixində Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, həmçinin idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər vəzifəli şəxsləri və mütəxəssisləri üçün Nazirliyin Aparatının əməkdaşları tərəfindən “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə”, “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi”, “Kargüzarlıq” mövzularında o cümlədən əmək qanunvericiliyi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu əsasında təlimlər keçirilmişdir.

İyun ayı ərzində Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində 2 təlim kursu keçirilmişdir.

1-ci təlim kursunun mövzusu Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı”na, 2-ci təlim kursunun mövzusu «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına həsr edilmişdir. 

Təlim kurslarında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, həmçinin bir çox dövlət qurumlarının nümayəndələri iştirak etmişdirlər.

Həmçinin dövr ərzində Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumlarda çalışan əməkdaşların icbari tibbi sığorta sahəsində məlumatlılığını artırmaq məqsədi ilə Dövlət Agentliyinin ekspertləri tərəfindən təlim keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin bir qrupuna mükafatların təqdim olunması Mədəniyyət Nazirliyinə həvalə edilmişdir. Mədəniyyət nazirinin 2022-ci il 17 mart tarixli əmrinə əsasən, Azərbaycan Milli İncəsənət Muzeyində 21 nəfər mədəniyyət və incəsənət xadiminə, 25 may tarixində isə Azərbaycan Milli Xalça Muzeyində Dövlət başçısının sərəncamlarına uyğun olaraq 36 nəfər mədəniyyət və incəsənət xadiminə dövlət təltiflərinin təqdim edilməsi mərasimləri təşkil edilmişdir. 

Kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kinematoqrafiya Agentliyi” (ARKA) adlı publik hüquqi şəxsin yaradılması ilə bağlı layihə müvafiq qurumlarla razılaşdırılaraq ölkə rəhbərliyinə təqdim olunmuşdur. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında” 2022-ci il 20 aprel tarixli Fərman imzalamışdır. Fərmana əsasən, Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq sənədlərin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması istiqamətində işlər davam etdirilir.

Həmçinin milli kino sənayesini, ölkəmizin turizm potensialını inkişaf etdirmək məqsədilə Azərbaycanı dünyada kino çəkiliş məkanına çevirməklə bu sahəyə əlavə gəlir mənbəyi qazandıran “Filming Azerbaijan”ın (Azərbaycan Film Komissiyası) yaradılması ilə bağlı normativ-hüquqi sənədlər hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim edilmiş və Nazirliyin “Dublyaj” studiyasının balansında “Filming Azerbaijan” fəaliyyətə başlamışdır. Hazırda “Filming Azerbaijan”ın təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrində Rusiya və Hindistanın tanınmış kino istehsalçıları tərəfindən filmlər çəkilməkdədir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, nazirliyin strukturunda və tabeliyində olan qurumların media, sosial media və kommunikasiya fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi məqsədilə Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi “Kommunikasiya meneceri” layihəsi təqdim olunmuşdur. Layihə Mədəniyyət Nazirliyinin strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi, o cümlədən ictimaiyyətlə, media subyektləri və nümayəndələri ilə münasibətlərin möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi, sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır. Layihə eyni zamanda Azərbaycan xalqının zəngin mədəniyyəti, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbuat imkanları ilə yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması, media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumuna vətəndaş etimadının yüksəldilməsinə xidmət edir. Layihə çərçivəsində keçirilən müsahibələr vasitəsilə regional mədəniyyət idarələri üzrə kommunikasiya menecerləri təyin edilmişdir. Menecerlər PR, media və kommunikasiya fəaliyyətinin həyata keçirilməsinə dair bilik və bacarıqlarının artırılması məqsədilə ADA Universitetinin "İctimai əlaqələr və medianın əsasları" adlı təlim kursuna cəlb olunmuşlar. Menecerlər media, sosial media və ictimaiyyət ilə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdıqları qurumların tədbir və layihələrinin mediada işıqlandırılmasını, qurumların fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini təmin edirlər.

Daşınmaz tarix və mədəniyyət abidələrinin müəyyən olunması, dövlət qeydiyyatına alınması, qorunması və idarə olunması mövzularında Türkiyənin təcrübəsinin öyrənilməsi məqsədilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları Türkiyənin Ankara şəhərində həyata keçirilən mübadilə proqramında iştirak etmişlər.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Dövlət Xidmətinin regional idarələrinin əməkdaşlarına mövcud ola biləcək mina və ya digər partlamamış silah-sursatlar ilə davranış qaydalarına əməl olunması üçün onların maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən regional idarələrdə təlimlərin keçirilməsi planlaşdırılır.

Mədəni irsin qorunması və bərpası sahəsində özəl-dövlət sektorlarının tərəfdaşlığı (“PPP”) və könüllü ianə (“Crowd funding”) mexanizmlərinin yaradılmasına dair yol xəritəsinin hazırlanması ilə bağlı Dövlət Xidməti tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi üçün araşdırma aparılır. Bununla əlaqədar müxtəlif özəl təşkilatlarla ilkin müzakirələr aparılmış, təkliflər formalaşdırılmışdır.

Qoruqlarda və regionlarda mədəni irsin qorunması və bərpası sahəsində dövlət-özəl sektor tərəfdaşlığının yaradılması istiqamətində müvafiq tapşırıqların icrası məqsədilə mayın 17-də  Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri üçün Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna infotur təşkil olunmuş birgə əməkdaşlıq təkliflərinə dair təqdimat keçirilmişdir. Görülən işlərin və bu sahədə aparılan təbliğatın nəticəsi olaraq mədəni irsimizin qorunması və bərpasına töhfə vermək niyyətində olan sahibkarlardan təkliflər alınaraq sistemləşdirilmişdir.

Daşınmaz tarix və mədəniyyət abidələrinin “Dövlət İnformasiya Sistemi – “MİRAS” e-reyestrinin fəaliyyəti haqqında Əsasnamə” layihəsi və “Obyektlərə abidə statusunun verilməsi Qaydası”nın layihəsi hazırlanmışdır. Hazırda aidiyyəti orqanlarla birlikdə müvafiq işçi qrupun yaradılması ilə bağlı iş aparılır.

İlin birinci yarısında Mədəniyyət Nazirliyinin strukturunda könüllülər hərəkatının yenidən formalaşdırılması məqsədilə ilkin yol xəritəsi hazırlanmışdır. Həmçinin Mədəniyyət könüllülərinin cəlb olunması, təlimatlandırılması və məlumat bazasının yaradılması məqsədilə “Mədəniyyət Könüllülərinin Şəbəkələşmə Düşərgəsi” layihəsi hazırlanmış və nazirliyin Dəyərləndirmə komissiyasına təqdim edilmişdir.

Nazirliyə məxsus xidmətlərin elektronlaşdırılması, təkmilləşdirilməsi və yeni xidmətlərin formalaşdırılması istiqamətində aidiyyəti məlumatlar toplanılmış və təhlillər aparılmışdır.

Dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması, “Elektron hökumət”in inkişafı, “rəqəmsal hökumət”ə keçidin təmin edilməsi və xərclərin optimallaşdırılması üçün Hökumət buludu”na qoşulması təmin edilmişdir. Vətəndaşlara göstərilən xidmətin səmərəliliyinin artırılması məqsədilə göstərilən xidmətlərin elektronlaşdırılması və “ASAN Xidmət”ə inteqrasiyası istiqamətində işlər aparılmaqdadır.

Uşaq, musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəbi və mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “İMES – İncəsənət məktəblərinin elektron sistemi” pilot formada istifadəyə verilmişdir. Növbəti ildən uşaqların məktəbə qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi