Avqustun 20-də Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazinin anadan olmasının 112-ci ildönümü münasibətilə sənətkarın mənzil-muzeyində tədbir təşkil edilib.
Tədbirdə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı olan mənzil-muzeyin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Qonaqlar əvvəlcə muzeyin foyesində “Niyazi – 112” adlı sərgisi ilə tanış olublar.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin maestro Niyazi haqqında fikirlərinin yer aldığı videoyazı nümayiş olunub.
Niyazinin Mənzil-Muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsi və təbliğindəki müstəsna rolundan danışıb. Bildirib ki, muzey eksponatlarla zəngindir: “Niyazinin həyat və yaradıcılığına nəzər salmaq üçün muzeyin kifayət qədər zəngin bazası var. Onun həyatının müxtəlif illərini özündə əks etdirən fotolar, əşyaları, əsərlərinin əl yazısı muzeydə qorunub saxlanılır”.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Xalq artisti Azər Dadaşov Niyazi haqqında xatirələrini bölüşüb, fortepianoda "Sumqayıt" kantatasından və "Qızıldan" mahnısından fraqment ifa edib. O, həmçinin müəllifi olduğu kitabı muzeyə hədiyyə edib.
Digər çıxış edənlər Niyazinin həyat və yaradıcılığından danışıblar.
Bildirilib ki, Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr verib. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.
Tədbirdə tanınmış musiqi xadimlərinin Niyazi haqqında xatirələrinin əks olunduğu videomaterial nümayiş etdirilib.
Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Qeyd edək ki, unudulmaz sənətkarın dünyaya gəldiyi gün (20 avqust) münasibətilə mənzil-muzeydə “açıq qapı” elan olunub.