Azərbaycan 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Misir Ərəb Respublikasının Qahirə şəhərində baş tutan 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisi 24 yanvar 2024-cü il tarixində öz işinə başlayıb. Kitab sərgisinə 70 ölkədən 1200-dən artıq nəşriyyat qatılıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları və şair-yazıçı Aqşin Yeniseyin olduğu nümayəndə heyəti sərginin açılış günündə baş tutan bir sıra tədbirlərə qatılıblar. Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilib.
Qahirə Beynəlxalq Kitab Sərgisi 6 fevral 2024-cü il tarixinədək davam edəcək.