“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə” maraqlı proqramla davam edir. Noyabrın 30-da həftə çərçivəsində Heydər Əliyev Mərkəzində “Musiqi sənayesi platforması” adlı tədbir keçirilib. Platformanın təşkilində əsas məqsəd son illərdə bu sahədə mövcud olan trendləri, müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq ölkəmizdə tətbiqi imkanlarını öyrənməkdir. Platforma çərçivəsində "Rəqəmsal dövrdə musiqi sənayesi ekosisteminin formalaşdırılması" mövzusunda panel sessiya keçirilib. Bəstəkar, prodüser İsa Məlikovun moderatorluğu ilə gerçəkləşən paneldə çıxış edən reper Elşad Xose Azərbaycan musiqi sənayesinin problemlərinə toxunub, bu sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb. Reper, prodüser Pərviz İsaqov (Promete) Azərbaycan musiqisinin təbliği mövzusunda çıxış edib. Qeyd edib ki, artıq ölkəmizdə rəqəmsal musiqi platformasından istifadə olunur. Rəqəmsal platformada musiqi dinləmək üçün insanlara seçim vermək lazımdır. Tanınmış müğənni, Əməkdar artist Sevda Ələkbərzadə televiziya və radio efirlərində professional musiqiçiləri görmək və dinləmək istədiyini deyib. Cazmen, bəstəkar və pianoçu Etibar Əsədli Azərbaycan musiqi sənayesi ilə xarici ölkələrin musiqi sənayesi arasındakı fərqlərdən söz açıb. DJ Orxan Ağayev (DJ Pancho) ölkəmizdə elektron musiqi sahəsində olan problemlərdən danışıb. Vurğulayıb ki, elektron musiqi sənətini inkişaf etdirmək istəyiriksə, bu istiqamətdə təhsilə daha çox diqqət ayırmalıyıq. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.