Rəqəmsal dövrdə rəqabətqabiliyyətli audiovizual sahənin formalaşdırılması Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun növbəti paneli “Rəqəmsal dövrdə rəqabətqabiliyyətli audiovizual sahənin formalaşdırılması" mövzusuna həsr olunmuşdu. Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bəktaşinin moderatorluğu ilə reallaşan paneldə çıxış edən animasiya mütəxəssisi Oqtay Yusibov bu sahənin inkişaf perspektivləri haqqında fikirlərini bölüşdü. Qeyd etdi ki, animasiya filmlərini istehsal edərkən ən əsas uşaqların emosiyaları nəzərə alınmalıdır. “Bakı Blogerlik Məktəbi”nin rəhbəri Yelena Eyvazlı "İnfluencerliyin kontekt istehsalatı kimi" mövzusunda çıxış etdi. Söylədi ki, "Global Digital"ın builki hesabatına görə, dünyada 5,44 milyard insan mobil telefondan istifadə edir. Bu isə dünya əhalisinin 68%-ni təşkil edir. İnternetdən istifadə edənlərin sayı 5,16 milyard nəfər hesab olunur. Yəni dünya əhalisinin 64,4%-i internetə çıxışa malikdir. Sosial şəbəkə istifadəçilərinin sayı 4,76 milyard nəfərdir. Bu isə dünya əhalisinin 60%-nə yaxındır. "Peotika” film istehsalı şirkətinin direktoru, “Diaspora” beynəlxalq qısa filmlər festivalının təsisçisi Emrah Kılıç Türkiyədə audiovizual sahəyə maliyyə dəstəyi sistemi haqqında məlumat verdi. Bildirdi ki, hazırda türk filmlərinin texniki səviyyəsi dünya standartlarına çatıb, kino məktəblərinin savadlı və istedadlı nümayəndələri bu sahəyə hakim olmağa başlayıb. Bakı Beynəlxalq Qısa Filmlər Festivalının (BBQFF) direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev rəhbəri olduğu festival haqqında məlumat verdi: "Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir. Artıq BBQFF onlarla xarici və yerli rejissor, prodüser, ssenaristin görüş yeridir. Məqsədimiz gələcəkdə yerli və ortaq layihələrin inkişafı üçün xüsusi proqramların yaradılmasıdır". Prodüser Zaur Mirzəzadə Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə həyata keçirilən “Prodüserlərin yüksəlişi” adlı təlim proqramı və ARKA-nın elan etdiyi film layihələri müsabiqəsi haqqında söz açdı. Daha sonra "Wediacorp Holdinq" şirkətlər qrupunun prezidenti Funda Demir Şen "Auidovizual məzmunun digital səyahəti" mövzusunda çıxışında vurğuladı ki, vizual və audiovizual məzmundan digital platformalarda satış və lisenziya, reklam gəliri, abunəlik və üzvlük, ianə və dəstək üzərindən gəlir əldə etmək mümkündür. Çıxışlardan sonra mövzu ilə bağlı suallar cavablandırıldı, təkliflər ətrafında fikir mübadiləsi aparıldı.