Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət təhsili sahəsində aparılan islahatların mühüm hissəsi olaraq 2024/2025-ci tədris ili üçün Nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu prosesi ilk dəfə olaraq elektron qaydada həyata keçirilmişdir. Cari ilin 6-31 may tarixlərində “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə məktəblərə qəbul üçün müraciətlər qeydiyyata alınmış, 20-30 iyun tarixlərində əyani olaraq mərkəzləşdirilmiş qaydada qəbul imtahanları baş tutmuşdur.
İmtahanların nəticələrinə əsasən şagirdlərin yerləşdirilməsi hər bir məktəb və ixtisas üzrə ödənişsiz və ödənişli təhsilə müəyyən edilmiş qəbul planlarına, namizədlərin topladıqları ballara və yaş həddinə uyğun olaraq elektron sistem üzərindən avtomatlaşdırılmış formada aparılmışdır. Qəbul üçün müraciət etmiş 16147 nəfərdən 12089 nəfər müxtəlif ixtisaslar üzrə I və VIII (onbirillik təhsilə) siniflərə qəbul edilmişdir.
Qəbul imtahanlarının nəticələri ilə bağlı şikayətlər elektron sistem üzərindən qəbul edilmiş, müraciətlərə baxılması məqsədilə regional mədəniyyət idarələrində apellyasiya komissiyaları yaradılmışdır.
Komissiyalar tərəfindən aidiyyəti üzrə apellyasiya müraciətinə baxılaraq, 24 müraciətin təmin edilməsi barədə qərar qəbul edilmişdir.