Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son illər dünyanın siması dəyişdiyini, hazırda sülh və təhlükəsizlik məsələsinin bütün platformalarda vacib bir mövzuya çevrildiyini bildirib. Qeyd edib ki, dünyanın bu gün sülh və təhlükəsizliyinin təmin olunmasına çox böyük ehtiyacı var. “Mədəniyyətlərarası toqquşmasının daha da dərinləşməməsi üçün biz təcili hərəkətə keçməliyik. Biz Forumda, eyni zamanda, müxtəlifliyin harmoniyasından istifadə edərək dünyamızı birliyə səsləyəcəyik. Hesab edirəm ki, qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların başlıca mövzusuna çevrilməlidir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətlərində qadınların iştirakı çoxalır. Bu, Azərbaycanın demokratik ənənələrindən irəli gəlir”, - deyə komitə sədri vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin Qadın və kişilər üçün bərabər imkanlar komissiyasının sədri, UNESCO-nun aparıcı proqram mütəxəssisi Çiğdem Erdoğan çıxışında Türkiyədə qadın hüquqlarının qorunması istiqamətində görülən işlərdən söz açıb. O, ölkəsinin BMT ilə birgə keçirdiyi proqramın əhəmiyyətindən danışıb. Ç.Erdoğan qadın deputatların sayının hər parlament seçkilərində artmasının əhəmiyyətini də vurğulayıb. Mütəxəssis sonda bütün dünyanın Qəzza zolağında baş verən insanlıq faciəsinə diqqət yetirməli olduğunu vurğulayıb.
Uqandanın gender, əmək və sosial inkişaf üzrə naziri Betti Amongi Ongom isə indi əsas məqsədin çiçəklənən cəmiyyətin mədəni baxımdan tam formalaşması olduğunu qeyd edib. İnsan və qadın hüquqlarının əhəmiyyətindən danışan xanım nazir UNESCO-nun 2015-ci ildə qəbul edilmiş Konvensiyasına diqqət çəkərək mədəni hüquqların mühafizə edilməli olduğunu bildirib. O, təməl hüquqların qorunmasının insan haqları üzrə beynəlxalq qanunvericiliyə əsaslandığını, universal dəyərlərin mədəniyyətlərə də təsir göstərdiyini söyləyib.
Digər çıxış edənlər bəzi ölkələrdə qadınların cəmiyyətdən təcrid olduqlarını, qadın hüquqlarının pozulduğunu azyaşlıların insan alverinin qurbanına çevrildiyini və digər məsələləri diqqətə çatdırıb, problemlərin həlli yolları ilə bağlı fikirlərini bölüşüblər.