Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
4-9 noyabr tarixlərində Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Qeyd edək ki, Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi "Balaban sənətkarlığı və ifaçılıq sənəti" habelə ölkəmizin iştirakı ilə hazırlanan "Təzhib sənəti"(Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), "İftar və onunla bağlı sosial-mədəni ənənələr" (Azərbaycan, İran, Türkiyə və Özbəkistan) və "Sədəf sənətkarlığı" (Azərbaycan və Türkiyə) çoxmillətli faylları vardır.
UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya fayllarına dair qərar 6 dekabrda elan edilib.
Sessiyada çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyər nümunələrini dəstəklədiklərinə görə təşəkkür edib. Daimi nümayəndə eyni zamanda faylların hazərlanmasında iştirak edən ölkələrə də öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, adıçəkilən nominasiya faylları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə AR Milli Komissiyası eləcə də qeyd olunan xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqda ərsəyə gətirilmişdir.
Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 23-ə çatdı.