Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayeva ilə görüşüb.
Nazir Aidə Balayevanın rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 dekabr tarixlərində Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri ilə bağlı ölkəmizə səfərə gəlib.
Görüşdə nazir Adil Kərimli ölkələrimizin əməkdaşlıq əlaqələrindən bəhs edərək bildirib ki, Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev arasında dostluq və qardaşlıq münasibətləri, dövlət başçılarımız tərəfindən əsası qoyulmuş strateji tərəfdaşlıq, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də müsbət təsirini göstərir. Adil Kərimli mədəniyyət və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.
Nazir Aidə Balayeva da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirərək qeyd edib ki, ölkələrimiz arasındakı dostluq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə də münbit zəmin yaradıb. Bu mənada Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişafında tarixən dostluq və qardaşlıq prinsipləri ilə yaşayan xalqlarımızın, xüsusən də dövlət başçılarımızın etibarlı və davamlı dostluğu mühüm rol oynayır. İntensiv ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın mədəni sahədə də dinamik inkişafa təsirini görürük.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.