9-13 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin yüksəlişi” proqramının birinci mərhələsi tamamlanıb.
Təlim Avropanın məşhur prodüserləri Martin Hagemann və Titus Kraymberq tərəfindən keçirilib. Təlim iştirakçıları Avropa standartlarına uyğun kino layihə sənədlərinin hazırlanması sahəsində baza bilikləri əldə edib, ilin sonunadək isə praktik mentorluq vasitəsilə xarici mentorların nəzarəti və məsləhətləri ilə yeni kino layihələrini hazırlayacaqlar.
Təlimin birinci mərhələsini 30 nəfər müvəffəqiyyətlə bitirib. İştirakçılar xarici mentorlarla təmas qurmaqla yeni layihələr üzərində işlərini davam etdirmək niyyətindədirlər.
Layihənin rəhbəri Martin Hagemann təlimin yüksək səviyyədə təşkil edildiyini və təlim iştirakçıları arasında təcrübəli və kino sahəsində ilk addımlarını atan şəxslər olduğunu vurğulayıb, bu isə dayanaqlı əlaqələrin qurulmasına, ənənəvi təcrübələrin müasir idarəedilməsinə və ümumiyyətlə belə təlimlərin gələcəkdə daha səmərəli layihələrin ərsəyə gəlməsinə xidmət edəcəyinə inandığını bildirir.
Qeyd edək ki, yekunda yerli və xarici mütəxəssislər tərəfindən seçiləcək layihələrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən xüsusi mükafatların verilməsi nəzərdə tutulur.