Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumu davam edir.
Oktyabrın 14-də forum çərçivəsində "Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr" adlı panel sessiya keçirilib.
Sessiyadan əvvəl Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxış edərək Azərbaycanın, eləcə də Şuşanın zəngin mədəni irsi haqqında söz açıb.
Tarix elmləri doktoru, professor, kulturoloq Fuad Məmmədov açılış nitqi söyləyərək panel iştirakçılarını qonaqlara təqdim edib.
Qazaxıstanın elmi restavrasiyasiya laboratoriyasının yaradıcısı, bərpaçı alim, akademik Krım Altınbekov fəaliyyəti haqqında panel iştirakçılarına məlumat verib.
Qırğız Respublikası Milli Elmlər Akademiyasının B.Chamgerchinov adına Tarix, Arxeologiya və Etnologiya İnstitutunun elmi işçisi, Aidai Sulaimanova sadəcə türklər üçün deyil, insanlıq tarixi üçün də böyük önəm kəsb edən Saymalıtaş qayaüstü rəsmləri haqqında məruzə ilə çıxış edib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Əmlakları və Muzeylər Baş İdarəsinin müdiri Zeynep Gül Ünal "Sürətlə inkişaf edən fəlakətlər və böhranlar" mövzusunda çıxış edərək mədəni irsin birləşdirici gücünə toxunub.
Özbəkistan Milli Elmlər Akademiyası Təsviri İncəsənət İnstitutunun Mədəniyyət şöbəsinin eksperti, Memarlıq şöbəsinin müdiri Mavlyuda Yusupova Özbəkistandakı memarlıq abidələri haqqında məruzə edib.
Panel sessiyası müxtəlif mövzularda məruzələrlə davam edib.