Xəbər verdiyimiz kimi, 13-14 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu keçirilir.
Oktyabrın 13-də forumun açılış mərasimi olub.
Mərasimdə rəsmi şəxslər, Türk dünyasının müvafiq qurumlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə bu il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın muğam-sənət beşiklərindən Şuşa şəhərinə həsr olunmuş videoçarx nümayiş etdirilib, "Dərvişlər" adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Açılış nitqi söyləyən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayıb. Qeyd edib ki, I Türk Dünyası Mədəniyyət Forumunun Şuşada keçirilməsi əlamətdar hadisədir: "Bu forum bütün türk mədəniyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün Şuşamız, Qarabağımız, bütün Azərbaycan öz Zəfər təntənəsini yaşayır. Artıq üç ildir ki, Şuşada geniş quruculuq işləri həyata keçirilir. Bu gün Qarabağımızda atəş səsləri eşidilmir. Ötən ay – 19-20 sentyabr tarixlərində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz cəmi 24 saat ərzində Qarabağdakı Ermənistana məxsus qanunsuz hərbi birləşmələrin terror əməllərinə birdəfəlik son qoydu. Bununla da Azərbaycan bütün ərazisində suverenliyini təmin etmiş oldu. Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, bütün dünyada sülhün, sabitliyin tərəfdarı kimi çıxış edir, bu istiqamətdə əməli addımlar atır".
Forumun əhəmiyyətini yüksək qiymətləndirən nazir bildirib ki, ortaq türk mədəniyyətini dünyaya təbliğ etmək üçün bir ortaq platforma vacib idi: "Düşünürük ki, forum qardaş xalqlarımızın mədəni əməkdaşlığının dərinləşməsində, qədim mirasımızın qarşılıqlı şəkildə təbliğatına öz töhfəsini verəcək. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev türk xalqlarının birliyi uğrunda yorulmadan çalışıb. Məhz buna görə də forumumun Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilməsi təsadüfi deyil".
Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
TÜRKSOY-un baş katibi Sultan Raev növbəti dəfə Şuşaya gəlişindən məmnunluğunu bildirib. Deyib ki, Şuşa Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və s. kimi neçə-neçə söz-sənət xadiminin evidir: “Şuşa həm də bu il “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Şuşa Azərbaycandır! Şuşa türk dünyasıdır!".
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev söyləyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi və Qarabağ Şərqi Zəngəzurun işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük önəm daşıyır. K.Ömüralıyev türk dövlətlərinin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Mehmet Süreyya Er Şuşanın türk təşkilatlarını, qardaş respublikalarımızın müvafiq qurumlarının rəhbərlərini bir araya gətirməsinin rəmzi məna daşıdığını vurğulayıb: “İşğaldan azad edildikdən qısa müddət sonra burada aparılan geniş bərpa və quruculuq işləri Şuşanı keçmişdəki şöhrətinə qovuşdurmaqdadır. Artıq bu füsunkar şəhər mötəbər tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi edir.
Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Şahin Mustafayev deyib ki, Qarabağda qazanılan Qələbə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir. 30 ilə yaxın işğal dövründə düşmən tərəfindən dağıdılan bu torpaqlar, həqiqi sahibləri – Azərbaycan dövləti tərəfindən yenidən qurulur. Biz bunları türk dövlətləri ilə bir yerdə edirik. Hazırda Şuşada keçirilən bu forum ortaq mədəni dəyərlərimizin təbliğinə mühüm töhfə olacaq".
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Ulu öndər Heydər Əliyev türk xalqlarının birliyi naminə mühüm işlər görüb: "Deyə bilərəm ki, türk dövlətləri artıq tək millət, 6 dövlətə doğru uğurla addımlamaqdır. Bu, Heydər Əliyevin dühası işığında gəlib çatıla bilən ən böyük zirvədir. Hesab edirəm ki, forumun Ümummilli liderimizin 100 illiyinə həsr olunması "Heydər Əliyev İli"nə mühüm töhfədir".
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxışında Şuşada anadan olmasa da, özünü şuşalı hiss etdiyini dedi: “Çox şadam ki, bu yaşımda Şuşanın azad olunduğu günü gördüm. Hazırda Şuşa günü-gündən gözəlləşir, abadlaşır. Mən həmişə deyirəm ki, bu Qələbənin bir babası, bir də atası var. Bu Zəfərin babası Heydər Əliyev, atası isə Prezident İlham Əliyevdir".
Sonda xatirə şəkilləri çəkdirilib.
Açılış mərasimindən sonra forum işini panel sessiyalarla davam etdirib.