Oktyabrın 4-də Yarat Müasir İncəsənət Məkanında Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun dəstəyi, “New Space Innovation” MMC-nin təşkilatçılığı, “Kapital Bank” və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə “A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib.
Açılış nitqi söyləyən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və mədəniyyət nazirinin müavini Fərid Cəfərov qonaqları salamlayıb, proqram iştirakçılarına uğurlar arzulayıblar.
Daha sonra müxtəlif mövzularda çıxışlar edilib, ''A-hub Azerbaijan – 2023" iştirakçılarının videotəqdimatı olub.
Qeyd edək ki, layihə ICESCO-nun üzvü olan ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir.
Bu il proqrama Bakı, Sumqayıt və Gəncədən 14 komanda müraciət edib. Komandalar 6 həftəlik akselerasiya keçdikdən sonra öz startaplarını milli finalda təqdim edəcəklər. Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.