Azərbaycan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarixin salnaməsi” sərgisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar 5 may tarixində Azərbaycan Milli Xalça Muzeyi “Tarixin salnaməsi” adlı sərgini və “Milli sərvətimiz” adlı sənədli filmi ictimaiyyətə təqdim etdi.
Sərgidə təqdim edilən xalçanın zəngin kompozisiyasını təşkil edən təsvir və ornamentləri canlandırmaq məqsədilə Qobustan qayaüstü rəsmlərinin, ov səhnələrinin, “Yallı” milli rəqsinin, el ağsaqqalı Dədə Qorqudun, xalq qəhrəmanı Koroğlunun, Azərbaycanın üçrəngli bayrağının, görkəmli mütəfəkkir Nizami Gəncəvinin poemasından, həmçinin dahi lider Heydər Əliyevdən sitatların, Novruz bayramının əsas atributu olan səməninin, alov rəmzi olan butanın, müqəddəs ağacın və digər elementlərin animasiya videosundan ibarət videoproyeksiya nümayiş olunur.
Həmçinin, sərgidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli sərvətimiz” adlı sənədli film təqdim edildi.