“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum aprelin 21-də başa çatdı.
Günün ikinci yarısında “Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi” mövzusunda sonuncu panel iclası keçirildi.
Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovun moderatorluğu ilə reallaşan iclasda "Kino sahəsində planlı iqtisadiyyat modelindən bazar iqtisadiyyat modelinə keçid", "Beynəlxalq kino kontekstində inteqrasiya mexanizmləri", "Xarici sərmayənin kino sənayesində cəlb olunması prinsipləri" mövzuları üzrə müzakirələr aparıldı.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin müdiri Erkin Yılmaz, Rusiya Dövlət Film Fondunun icraçı direktoru Fyodor Sosnov, Kann, Venesiya və San-Sebastyan film festivallarının tərtibatçısı olmuş Matyö Darras, Hollivud rejissoru Timur Bekmambetovun "Bazelevs" studiyasının baş prodüseri Lalə Rüstəmova, beynəlxalq media hüququ və əqli mülkiyyət sahəsi üzrə hüquqşünas Levan Nanobaşvili, Kann, Venesiya, Berlin və Sundance festivallarının mükafatçısı, prodüser Giyom de Şeyin adıçəkilən mövzular üzrə məruzələri dinlənildi.
İştirakçıları maraqlandıran suallar cavablandırıldı.
İki gün davam edən kinoforum xatirə fotolarının çəkdirilməsi ilə başa çatdı.