Mədəniyyət Nazirliyi Mikayıl Useynov və Sadıq Dadaşovun ucaldılacaq birgə abidəsi ilə bağlı açıq müsabiqə elan edir
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir. Müsabiqə 17 fevral-17 aprel 2023-cü il tarixlərində keçiriləcəkdir.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcəkdir.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra - 15 may 2023-cü il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcəkdir.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 oktyabr 2022-ci il tarixli 3506 nömrəli “Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.