Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra Nazirlik) milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsini elan edir.

Bu müsabiqənin mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

 

 

MÜSABİQƏNİN MÖVZUSU VƏ DƏSTƏK FONDU

  • Müsabiqə tammetrajlı bədii film kateqoriyasında keçirilir.
  • Layihə üzrə çəkiləcək filmlərin xronometrajı 52 dəqiqədən az olmayaraq nəzərdə tutulmalıdır.
  • Müsabiqə sərbəst mövzuda keçirilir.
  • Müsabiqədə layihənin istənilən mərhələsində - ssenarinin inkişaf etdirilməsi, filmin çəkilişinə hazırlıq və çəkiliş prosesi, həmçinin post-prodakşn və distribusiya mərhələlərinə dəstək nəzərdə tutulur.
  • Qalib film layihələrinin maliyyələşdirilməsi üçün hər filmə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.
  • Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir.

 

 

MÜSABİQƏNİN MƏRHƏLƏLƏRİ

Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:

  • 1-ci mərhələ - Layihələrin qəbulu
  • 2-ci mərhələ - Bədii seçim
  • 3-cü mərhələ - Pitçinq
  • 4-cü mərhələ - Qalib film layihələrinin maliyyələşdirilməsi, filmlərin istehsalı və təhvil verilməsi

 

1-ci mərhələ - Layihələrin qəbulu

  • Müsabiqənin 1-ci mərhələsi Nazirliyin müvafiq əmri ilə müəyyən etdiyi Müsabiqə Komissiyası tərəfindən həyata keçirilir.
  • Müsabiqəyə təqdim edilən sənədlərdə qüsurlar olmadığı halda film layihələri 2-ci mərhələdə iştirak hüququ əldə edir.
  • Layihələrin qəbulu 1 dekabr 2021-ci il – 17 yanvar 2022-ci il tarixlərində nəzərdə tutulur.

 

2-ci mərhələ - Bədii seçim

  • Müsabiqənin 2-ci mərhələsində film layihələrini Nazirliyin müvafiq əmri ilə müəyyən etdiyi Münsiflər heyəti qiymətləndirir.
  • Münsiflər heyəti bu mərhələdə film layihələrini bədii-kinematoqrafik baxımdan dəyərləndirir.
  • Bədii seçim mərhələsi 18 yanvar 2022-ci il – 28 fevral 2022-ci il tarixlərində nəzərdə tutulur.
  • Bədii seçim mərhələsini keçmiş layihələr 3-cü mərhələyə – Pitçinq mərhələsinə buraxılır.
  • Bədii seçim mərhələsinin qaliblərinin adları 2022-ci il mart ayının 7-dək Nazirliyin internet informasiya ehtiyatında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan olunur.

 

3-cü mərhələ - Pitçinq

  • Pitçinqin məqsədi müəlliflərə layihələrinin yaradıcı inkişafı və maliyyə dəstəyi üçün tərəfdaşlar tapmaq imkanı verməkdir.
  • Pitçinqin vəzifəsi yeni, orijinal fikirlərin və layihələrin təqdimatı, yeni əlaqələrin yaranması, istedad axtarışının genişlənməsi, yeni adların kəşf edilməsi və beləliklə, daxili inkişafın təşviq edilməsidir.
  • Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçirilir, iştirakçılar layihələrini Münsiflər heyətinin önündə müdafiə edirlər. Pitçinq internet vasitəsilə canlı yayımlanır.
  • Pitçinq seçimi üçün tələblər:
    • Layihənin bədii-kinematoqrafik dəyəri;
    • İstehsalçının portfoliosu;
    • Layihəyə aid təsvirlər (tizer, mudbord və s.);
    • Yaradıcı heyət və texniki imkanlar haqqında məruzə;
    • Beynəlxalq kino bazarı və festivallarda iştirak, filmin distribusiyası haqqında planlar üzrə məruzə.
  • Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən edilir və müvafiq protokolla sənədləşdirilir.
  • Münsiflər heyətinin qəbul etdiyi qərar Nazirlik tərəfindən təsdiqlənir.
  • Münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır.
  • Pitçinqin 14-18 mart 2022-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. Pitçinqin tarixi iştirakçılara elektron poçt vasitəsilə bildirilir. 
  • Qaliblərin adları 2022-ci il martın 31-dək Nazirliyin rəsmin informasiya ehtiyatında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan olunur.

 

 

4-cü mərhələ - Qalib film layihələrinin maliyyələşdirilməsi, filmlərin istehsalı və təhvil verilməsi

  • Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə dəstəyi əsasında istehsal olunur.
  • Texniki imkanları nisbətən məhdud olan film istehsalçıları üçün çəkiliş avadanlığının və cihazlarının icarəsi və həmçinin onlarla təminatı işlərində “Azərbaycanfilm” kinostudiyasının avadanlıqları bazar qiymətləri və əlçatanlıq prinsipi ilə təklif olunur.
  • Çəkilişlərə müvafiq icazələrin alınması prosesinin asanlaşdırılması məqsədilə ölkə ərazisində çəkilişlərin aparılmasına kömək üçün “Filming Azerbaijan” tərəfindən müvafiq sənədləşmə əsasında lisenziyalar verilir, inzibati hazırlıq və dəstək xidmətləri göstərilir.
  • Layihələrin büdcəsi və ya təxmini smeta dəyəri Müsabiqə Komissiyası tərəfindən yoxlanılır. Şərtlərə uyğun gəlməyən büdcələrdə dəyişiklik edilir.
  • Müsabiqədə qalib gələn layihələrin müəllifləri ilə müqavilələr bağlanılır və müqavilədə hüquq və öhdəliklər əks olunur.

 

 

Müsabiqəyə qəbul şərtləri

  • Müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil prodüser mərkəzləri və studiyalar iştirak edə bilər. Dövlət studiyaları müsabiqədə iştirak edə bilməz.
  • Müsabiqədə iştirak edən müstəqil prodüser mərkəzləri (yalnız hüquqi şəxs statusunda) - “müraciət edən”, ssenarist, rejissor və prodüserlər isə - “müəllif” hesab olunur. Müstəqil fəaliyyət göstərən müəlliflər - ssenarist, rejissor və prodüserlər fiziki şəxs qismində müsabiqədə iştirak edə bilməzlər. Müstəqil fəaliyyət göstərən müəlliflər müsabiqədə iştirak etmək üçün layihələrini prodüser  mərkəzləri, film istehsalı studiyaları və audiovizual məhsul istehsal edən digər qurumlar vasitəsilə təqdim etməlidirlər.
  • Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqəyə təqdim edilmiş layihədə müəllif ola bilər.
  • Müraciət edən qurumlar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olmalıdır.
  • Müraciət edənlər audiovizual məhsul istehsalı ilə məşğul olmalıdır. Kənar fəaliyyət sahələrindən olan müraciətlər qəbul edilmir.
  • Müraciətlər xarici film istehsalı şirkətləri və fondları, həmçinin yerli maliyyə mənbələri ilə müştərək şəkildə təqdim edilə bilər. Bu halda müştərəklik müqaviləsi və layihənin maliyyələşməsi sənədləri təqdim edilməlidir. Müştərəklik, əməkdaşlıq və ya maliyyə mənbəyi müqavilələrində tərəf kimi “müraciət edən” iştirak etməlidir.
  • Müsabiqədə qalib gəlmiş layihələrin müəlliflərinin dəyişdirilməsi yalnız Müsabiqə Komissiyası ilə razılaşdırıldıqdan sonra edilə bilər.
  • Bir “müraciət edən” müstəqil prodüser mərkəzi və ya studiya ən çox üç layihə ilə müsabiqəyə qoşula bilər.
  • Müsabiqəyə göndərilən layihələrin janrına məhdudiyyət qoyulmur.
  • Təqdim edilməli olan sənədlər paketinə aşağıdakılar daxildir:
    • filmin müraciət forması (müraciət formasının bütün bəndləri dəqiq doldurulmalıdır, əks halda bu, müraciət edənin müsabiqədə iştirakına əngəl ola bilər);
    • filmin layihəsi - loqlayn, sinopsis, tritment (əgər varsa), ssenari (əgər varsa) – ssenari beynəlxalq yazılış formatına uyğun olmalıdır: font (şrift): Courier (Courier new) / Şriftin ölçüsü: 12;
    • rejissor şərhi (1 səhifəyə qədər);
    • prodüserin şərhi (1 səhifəyə qədər);
    • müəlliflərin şəxsiyyət vəsiqələrinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;
    • layihənin təxmini smeta dəyəri
    • filmin istehsal təqvimi - quruluş planı;
    • müştərəklik müqaviləsi və layihənin qarşı tərəfdən də maliyyələşdirilməsini əks etdirən sənədlər (müştərək layihə olduğu halda);
    • sponsorluq müqaviləsi (müştərək film kimi yerli və beynəlxalq sponsorlar tərəfindən də maliyyələşdiyi halda);
    • Müraciət edənin qeydiyyat sənədləri (Nizamnamə, Reyesterdən çıxarış, Vergi ödəyicisinin şəhadətnaməsi, vergi borcunun olmaması haqqında arayış, fəaliyyət kodu ilə bağlı arayış, bank dövriyyəsi, mənfəət vergisi bəyannaməsi - “Müraciət edən” vergi qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərməlidir).
    • müəlliflərin CV-ləri (ssenarist, rejissor və prodüser);
    • Bütün sənədlər PDF formatında olmalıdır.

 

  • Müsabiqəyə təqdim olunan sənədlər 1 dekabr 2021 – 17 yanvar 2022-ci il tarixində info@filmfond.az poçt ünvanlarına elektron qaydada göndərilməlidir.
  • Müsabiqəyə son müraciət tarixi Bakı vaxtı ilə 2022-ci il 17 yanvar saat 00:00-da bitir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab edilir.
  • Elektron poçt vasitəsilə müraciətlər yalnız “Müsabiqə” başlığı altında göndərilməlidir.
  • Müsabiqənin sənəd qəbulu qaydasının hər hansı bir bəndinə uyğun olmayan müraciət barədə müraciət edən tərəf e-mail vasitəsi ilə məlumatlandırılır. Bundan sonra sənədlər müraciət edən tərəfindən qaydalara uğun şəkildə yenidən göndərilmədikdə həmin müraciət edən müsabiqədə iştirak hüququnu itirmiş hesab olunur və bu hallarla bağlı heç bir apellyasiya müraciətinə baxılmır.
  • Müsabiqə ilə bağlı təşkilati işlər Nazirliyin Audiovizual və interaktiv media şöbəsi tərəfindən həyata keçirilir. 

 

Müraciət formasını yükləmək üçün link: https://bit.ly/3cYmq0m

 

Əlavə məlumat üçün:

Telefon: (012) 404 04 85;

Həftənin iş günləri saat 10:00-17:00-dək;

E-poçt: info@filmfond.az