Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıya qastrola gəlib. Hələ 2019-cu ilin fevralında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Əməkdar artistlər Nicat Kazımov və İlham Əsədovun Özbəkistan Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirində iştirakı zamanı bu teatrla qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri qurulub.
Bu əməkdaşlıq əlaqələri çərçivəsində bu gün və sabah Özbəkistan sənətçiləri Bakıda Gənc Tamaşaçılar Teatrı səhnəsində Özbəkistanın Xalq şairi Qafur Qulamın “Ozornik” (Şumbola) tamaşasını teatrsevərlərə təqdim edəcəklər.
“Şumbola” əsəri tərbiyəvi əhəmiyyət daşıyır. Əsərin qəhrəmanı, təbiətcə dəcəl olan və ipə-sapa yatmayan balaca oğlan hər dəfə müxtəlif qəribə və gülməli vəziyyətlərə düşür və bacarıqla çıxış yolu tapır. Özünəməxsus danışıq tərzi və yumoristik aforizmləri olan Şumbola uşaqlara “Təslim olma, mübarizə apar” ideyasını əyani olaraq izah edir.
Qafur Qulamın Azərbaycana və ədəbiyyatımıza, mədəniyyətimizə münasibəti də bir sıra əsərlərində özünü göstərir. Onun “Bir-birinə şagird, bir-birinə ustad”, “Qırx yaşlı Azərbaycan”, “Səməd Vurğuna”, “Qardaş Azərbaycan pambıqçılarına”, “Xəzər” adlı şeirlərində Azərbaycana olan məhəbbəti səmimi şəkildə ifadə olunub.
Qeyd edək ki, gələcəkdə bu əməkdaşlıq çərçivəsində Gənc Tamaşaçılar Teatrının Özbəkistana qastrolu planlaşdırılır.