Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi elektron mədəni konsaltinq layihəsi çərçivəsində “Birgə mütaliə” adlı layihəni davam etdirir. Belə ki, layihənin növbəti kitab müzakirəsi “Nutuk” (Nitq) əsərinə həsr olunub. Qeyd edək ki, əsər Mustafa Kamal Atatürkün ideyaları, fəaliyyət istiqamətləri və etdiyi çıxışların ümumi məcmusundan ibarətdir.
Gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş vebinarın spikeri Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin əməkdaşı İsmayıl Nəsirov təyin edilib. Layihə çərçivəsində spiker kitab ətrafında ümumi fikirlər əsasında müzakirələrə start verib və bu müzakirələrdə spikerin kitabda qeyd edilən konkret faktlar əsasında, habelə şəxsi mülahizələri səsləndirilib. Kitab dinləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb.
Spikerin çıxışından sonra söz auditoriyaya ötürülüb. Mövzu ətrafında davam edən müzakirələr müxtəlif fikirlərin yaranmasına şərait yaradıb. Müzakirələr zamanı iki qardaş ölkənin tarixi arasında paralellər aparılıb və taleyüklü məqamlarda xalqın liderlərinin müstəsna rolları vurğulanıb. Sözsüz ki, xalq qəhrəmanlarının əbədiləşdirilməsində ədəbiyyatın rolu aparılmış fikir mübadiləsinin əsas predmetlərindən biri olub.
Türkiyə və Türkmənistandan qatılan qonaqların iştirakı ilə keçirilmiş vebinarda Mərkəzin elmi katibi Cavid Əliyev, əməkdaşları Nurəddin Babazadə, Rəfiqə Nəsirova, Səadət Şirinova, Validə Hacıyeva, həmçinin Pərvin Nəzərəliyeva mövzu ətrafında çıxış ediblər.
Tədbirin sonunda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev ulu öndər Heydər Əliyevin “İki dövlət bir millət” ifadəsini səsləndirərək, elm və mədəniyyət sahəsində çalışan şəxslərin sözügedən qardaşlıq paradiqmasının yaşadılmasına xidmət edəcək müxtəlif layihələrlə mütəmadi olaraq çıxış etmələrinin vacibliyini bildirib. Eyni zamanda, mərkəzin sözügedən layihəsi müasir dövrü xarakterizə edən sosial və mədəni problemlərin açıq müzakirəsinə, həmçinin bu kimi obyektiv tendensiyalarla mübarizədə ziyalıların rolunun artırılmasına xidmət edir.
Mütəmadi şəkildə təşkil olunacaq “Birgə mütaliə” layihəsi çərçivəsində istənilən vətəndaş müzakirələrdə fəal iştirak edə bilər.
Xatırladaq ki, layihə fərqli spikerlər və mövzular ətrafında davam etdiriləcək.