Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
280

“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi

Mədəniyyət Nazirliyi Vətən torpaqlarını işğaldan azad etmək uğrunda müqəddəs savaşın getdiyi bu günlərdə hərbçilərimizə mənəvi dəstək olmaq, cəmiyyətdə vətənpərvərlik ruhunu daha da yüksəltmək məqsədilə silsilə layihələrə başlayıb. Oktyabrın 2-də Milli İncəsənət Muzeyində bu silsilədən “Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi.

Təqdimatda çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov layihənin əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu günlər ölkəmiz üçün taleyüklü, eyni zamanda qürurverici tarixə şahidlik edirik. Bu tarixi döyüş meydanında qəhrəman əsgər və zabitlərimiz yazır. Onların rəşadəti sənət, yaradıcılıq qabiliyyəti olan insanlarımız üçün də ilham qaynağıdır.

Anar Kərimov qeyd etdi ki, bu günlər Azərbaycan cəmiyyəti bütünlüklə, qəlbən, ruhən müzəffər Ordumuza dəstək üçün səfərbər olub: “Biz də Mədəniyyət Nazirliyi olaraq “Ordumuz üçün yarat” layihəsini təqdim etməkdən qürur duyuruq. Məqsədimiz ölkəmizin ərazi bütövlüyü uğrunda canından belə keçməyə hazır olan igidlərimizin hərb meydanındakı şücaətinin, vətənsevərlik ruhunun sənət əsərlərində, bədii yaddaşda əks etdirilməsinə zəmin yaratmaqdır. Layihəyə qoşulacaq hər bir iştirakçı özünün əl işi, yaratdığı əsərlə Ordumuza sənət dəstəyini ifadə edə bilər. Layihə çərçivəsində ərsəyə gələcək əl işləri torpaqlarımızın bütövlüyünü qoruyan hərbçilərimizə ərməğan ediləcək. Ümid edirik ki, layihə ictimaiyyət tərəfindən maraqla qarşılanacaq”.

Oktyabrın 2-nin Xocavənd rayonunun Ermənistan tərəfindən işğalının 28-ci ildönümü olduğunu diqqətə çatdıran Anar Kərimov dedi ki, şanlı Ordumuzun zəfər soraqları bu torpaqlardan didərgin düşmüş insanlarımızın illərdir sürən həsrətinə son qoyacaq: “Bu həsrəti təkcə insanlarımız çəkmir. Bugünkü tədbir üçün toplaşdığımız Milli İncəsənət Muzeyinin həyətindəki “Güllələnmiş heykəllər” də 28 ildir doğma məkandan didərgin düşüb. İnanırıq ki, Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın və Bülbülün erməni vandalizminə məruz qalmış abidələri də tezliklə Şuşadakı ev-muzeylərinə qayıdacaq”.

Tədbirdə daha sonra Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalının birgə layihəsi olaraq gerçəkləşən “Evdə qal – evdə yarat” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi oldu. Mart ayında elan olunan müsabiqə koronovirus pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimində insanları yaradıcı fəaliyyətə təşviq etmək məqsədilə keçirilib.

Müsabiqə ilə bağlı fikirlərini bölüşən Anar Kərimov vurğuladı ki, bütün dünyanı bürüyən pandemiya ölkəmizdə də insanlar üçün çətinliklər doğurub: “Amma vətəndaşlarımız müsabiqəyə fəal qoşulmaqla bu günlərdə də yaradıcı bacarıqlarını yüksək səviyyədə nümayiş etdiriblər. Bir sıra dövlət qurumları, millət vəkilləri, qeyri-hökumət təşkilatları, incəsənət xadimləri, cəmiyyətdə tanınan şəxslər bu təşəbbüsə dəstək veriblər. Sevindirici haldır ki, “Evdə qal – evdə yarat” müsabiqəsinə qatılanların əksəriyyəti gənclərdir”.

Bildirildi ki, ölkəmizin regionları da daxil olmaqla, 4500-dən çox iştirakçı yaratdığı əl işləri, rəsm əsərləri, musiqi parçaları, həmçinin ifaçılıq və bədii qiraət nümunələrini “Kreativ Azərbaycan” portalının “Facebook” və “İnstagram” səhifələri üzərindən onlayn şəkildə paylaşıb. Onların arasında beş kateqoriya üzrə (xüsusi qalib, ən çox bəyənilən paylaşım, ən gənc iştirakçı, ən aktiv iştirakçı, ən kreativ ideya) qaliblər elan olunub.

Daha sonra qaliblərə mükafatlar təqdim olundu.

Mükafatçılar adından “Söz” ədəbi layihəsinin rəhbəri, şairə Nigar Həsənzadə çıxış edərək müsabiqənin təşkilinə görə minnətdarlığını bildirdi və mükafatı təkcə özünün deyil, ümumilikdə “Söz” kollektivinin uğuru kimi dəyərləndirdi: “Bu gün söz, sənət adamları da müzəffər Ordumuza dəstək verir. Arzu edirik ki, tezliklə böyük qələbə sorağını eşidək və “Söz”ün sədası doğma Şuşadan da gəlsin!”.

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb