Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “21 fevral – Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş “ Dilin özü, sözün izi ” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açmış, daha sonra filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı Mahirə Hüseynova və universitetin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi İlkin Əsgərov mövzu ilə bağlı geniş çıxışlar etmişlər. Tədbir çərçivəsində Ümummilli lider Heydər Əliyevin azərbaycan dili haqqında fikirləri səsləndirilmiş və dilimizin inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Həmçinin filologiya fakültəsinin tələbələri milli-mənəvi dəyərimiz olan ana dilinin zənginliyindən bəhs edən mühazirələr oxumuş, azərbaycan, rus, alman, ingilis və fransız dillərində poeziyamızdan nümunələr söyləmişlər. Eləcə də tələbələr Ceyhun Qurbansoyun və Nəzrin Məlikovanın ifasında bir neçə saz havaları səsləndirilmişdir.
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçirilən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, müəllim və tələbə heyəti , Bakı şəhər muzeylərinin əməkdaşları, media nümayəndələri iştirak etmişlər.