“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində Milli qəhrəmanlarımızın şərəfli ömür yolu vərəqlənir
“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində yanvarın 16-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əliyevə həsr olunan “Rövşən” filminin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən mərkəzin baş məsləhətçisi Zəkiyyə Hacıyeva Mədəniyət Nazirliyinə və filmin rejissoru Namiq Qurbanova filmin ərsəyə gəlməsində öz minnətdarlığını bildirərək bu cür filmlərin gənclərdə vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsində böyük rol oynadığını söyləyib. Filmin nümayişindən sonra şəhidin bacısı, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin sədr müavini Fəranə Alıyeva qardaşı haqqında xatirələrini tədbir iştrakçııları ilə bölüşüb.
A.R.Qobustanlı adına Mədəniyyət Evində rejissor Emin Əfəndiyevin Milli qəhrəman Məmməd Hüseynova həsr olunmuş “Müəllim” sənədli filmi nümayiş olunub. Emin Əfəndiyev çıxış edərək qəhrəmanın həyat və fəaliyyəti haqqında məlumat verib.
Şüvəlan qəsəbə Mədəniyyət evində “Salnaməfilm” studiyasında istehsal olunan Azərbaycanın Milli Qəhrəmanı Səhavət Məhərrəmova həsr olunmuş “Məni yada salarkən” filminin nümayişi olub. Tədbirdə Nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, rejissor Yavər Rzayev, Milli Qəhrəmanın uşaqlıq dostu Fəqan Bəhrəmov, Qarabağ müharibəsinin iştirakçısı Əbdüləli Həsənov çıxış ediblər. Baxışdan sonra S.Məhərrəmovun əmisi oğlu Seymur Məhərrəmov filmin yaradıcılarına və tamaşaçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, mədəniyyət müəssisələrində tədbirlər dövlət himninin səslənməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.