Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1293

Türkiyədə İmadəddin Nəsiminin 650, Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir təşkil edilib

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə Ankara şəhərində təntənəli tədbir keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, ölkəmizin Ankaradakı səfirliyi, eləcə də Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, Ankara ictimaiyyətinin görkəmli nümayəndələri, habelə QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Əhməd Misbah Demircan və Azərbaycan Dövlət Film Fondunun sədr müavini Rəşad Qasımovun çıxışları olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ilin Azərbaycanda “Nəsimi ili” kimi qeyd olunduğunu diqqətə çatdıran ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim vurğulayıb ki, bu çərçivədə Türkiyədə böyük şairinin həyat və yaradıcılığına həsr olunan çox sayda və fərqli formatlarda tədbirlər təşkil olunub. Görkəmli Azərbaycan rejissoru və ssenaristi Həsən Seyidbəyli yaradıcılığının dünya kinomatoqrafiyasına böyük töhfələr verdiyini qeyd edən səfir bildirib ki, onun ən möhtəşəm əsərlərindən biri də məhz “Nəsimi” filmidir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının qərarı ilə ötən ilin türk dünyasında "İmadəddin Nəsimi ili" elan edilməsi sayəsində türkdilli ölkələrdə və dünyanın bir sıra dövlətlərində böyük şairin yaradıcılığına dair bir sıra mədəni layihələr həyata keçirildiyini diqqətə çatdıran Düsen Kaseinov söyləyib ki, bu işlər sırasında Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tərəfindən 15 dildə tərtib olunan “İmadəddin Nəsimi dünya dillərində” şeirlər kitabının öz layiqli yeri var. Nəşrdə yer alan şeirlər və nəfis tərtibat onu əldə edən kitabsevərlərin qəlbini oxşayır.

Nəsiminin Türkiyədə geniş tanındığını və sevildiyini deyən Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Əhməd Misbah Demircan qeyd edib ki, keçirilən tədbirlər sayəsində böyük şairin həyat və yaradıcılığı daha geniş auditoriyalara çatdırılıb. Türkiyə tərəfi hər zaman olduğu kimi, bundan sonra da Azərbaycan mədəniyyətinin, o cümlədən tarixi şəxsiyyətlərin tanınmasına və təbliğinə geniş yer verəcək.

Çıxışında Nəsimi şəxsiyyətinin ucalığı, eləcə də kinorejissor və ssenarist Həsən Seyidbəyli yaradıcılığının zənginliyinə diqqət çəkən Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov, ölkəmizdə kino yaradıcılığı, onun inkişaf istiqamətlərinə dair məlumatları da tədbir iştirakçıları ilə bölüşüb. Qeyd olunub ki, “Nəsimi” filmi də daxil olmaqla Həsən Seyidbəylinin bütün əsərləri kinosevərlərin yaddaşında silinməz iz buraxır.

Çıxışlarda diqqətə çatdırılıb ki, dünya poeziya xəzinəsinin nadir incilərindən olan Nəsimi yaradıcılığı, böyük şairin zəngin fəlsəfi düşüncəsi tarixin bütün dövrlərində tədqiqatçılar üçün maraq kəsb edib, şeir və qəzəlləri poeziyasevərlərin qəlbini oxşayıb. Vurğulanıb ki, Həsən Seyidbəylinin “Nəsimi” filmi şairin şəxsiyyətininin ucalığını tərənnüm edən ən dəyərli əsərlərdəndir.

Çıxışlardan sonra görkəmli kinorejissor Həsən Seyidbəylinin yaradıcılığını əks etdirən fotosərginin açılışı olub. Ziyarətçilər tərəfindən maraqla qarşılanan sərgidə böyük sənətkarın efir yaradıcılığının əsas məqamlarını əks etdirən nadir fotolar nümayiş edilib.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov tərəfindən Türkiyədən Nəsimi yaradıcılığının tədqiqatçısı, professor Hüseyn Ayan və “Nəsimi” filmində Nəsimi rolunun ifaçısı, Azərbaycanın Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif ediliblər.

Tədbirdə iştirak edə bilməyən Hüseyn Ayanın medalı qızına və Rasim Balayevin medalı isə Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim olunub.

Gecədə türkiyəli aşıq Səlahəddin Dündar qoşasaz ifası ilə Nəsiminin qəzəllərini oxuyub.

Sonra “Nəsimi” filmi nümayiş olunub. Filmin türk dilinə suptitrlə (altyazı) tərcümə versiyası “TRT Avaz” kanalı tərəfindən ərsəyə gəlib.

Nəsimi ilinin bağlanışına həsr olunan gecə Ankara sənətsevərlərinə gözəl anlar yaşadıb.

İştirakçılara “İmadəddin Nəsimi dünya dillərində” kitabı hədiyyə olunub.

Qeyd edək ki, ötən il “Nəsimi ili” çərçivəsində Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər keçirilib, kitab təqdimatları olub, o cümlədən tamaşalar göstərilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb