Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində klassik vokalçıların ümumrespublika festivalının iştirakçıları ilə görüş olub
Yanvarın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində klassik vokalçıların ümumrespublika festivalının iştirakçıları ilə görüş keçirilib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən il reallaşan festivalın məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı, təbliği və gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova yeni ilin ilk tədbirinin vokal musiqisinə həsr olunmasından məmnun olduğunu bildirib. Qeyd edib ki, festival Əməkdar artist Ramil Qasımovun əməyi nəticəsində ərsəyə gəlib. Bildirilib ki, festival günlərində muzeyin arxivində saxlanılan fotolardan istifadə edərək Əməkdar artist İnarə Babayevanın müəllifliyi ilə “Azərbaycan opera ifaçılığı antologiyası” kitabı ərsəyə gətirilib.
Tədbir konsert proqramı ilə davam edib.
Xalq artisti Gülnaz İsmayılova, vokalçılar Şaban Cəfərov, Nina Makarova, Taleh Yəhyayev və digərləri Azərbaycan və dünyaya bəstəkarlarının klassik əsərlərini səsləndiriblər.
Xatırladaq ki, ötən il dekabrın 17-dən, 24-dək davam edən festival Azərbaycan “Mədəniyyət” kanalının layihəsi əsasında təşkil edilib.