Noyabrın 22-də Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimi keçiriləcək.
Kitab Azərbaycan Milli Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunub. Tədbirdə fundamental nəşrin müəllifləri çıxış edərək kitabın hər bir hissəsi haqqında ətraflı məlumat verəcəklər.
Sonra Azərbaycan Musiqili Komediya Teatrının solistləri Nərgiz Kərimova və Fərid Əliyev “Arşın mal alan” operettasından ariya ifa edəcəklər. Təqdimat mərasimində qonaqlara maraqlı suallar veriləcək və düzgün cavabı bilən şəxslər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Tədbirdə muzeyin nəşrləri, ənənəvi texnologiya şöbəsinin toxucularının əl işləri təqdim ediləcək. Eyni zamanda, qonaqların iştirakı ilə xalça kəsimi mərasimi olacaq. Muzeyin uşaq şöbəsinin əməkdaşları isə xovsuz xalça növü olan zilinin toxunması üzrə ustad dərsləri keçəcəklər.