Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2720

Milli Məclisin komitələrində gələn ilin dövlət büdcəsinin müzakirəsi davam edir

Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirələri davam edir. Dünən parlamentin daha 5 komitəsi - Əmək və sosial siyasət komitəsi, Elm və təhsil komitəsi, Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi və Mədəniyyət komitəsinin birgə keçirilən iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maraqlı fikir və təkliflər səsləndirilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək bildirdi ki, büdcə layihəsi "Büdcə sistemi haqqında” qanuna uyğun olaraq vaxtında parlamentə təqdim edilib. 2020-ci ilin büdcəsini Azərbaycanın müstəqillik tarixində irihəcmli büdcə adlandıran komitə sədri dedi ki, ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır. Sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılması isə dövlətin iqtisadi qüdrətinin yüksəlişindən xəbər verir.

Gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən Maliyyə naziri Samir Şərifov bildirdi ki, ənənəvi olaraq büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və ortamüddətli dövrdə də davam etdiriləcək.

2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur.

Növbəti ildə Dövlət Neft Fondundan Dövlət Büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur.

Qeyd edildi ki, 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırdı ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyi "Hesablama Palatası haqqında”, "Büdcə sistemi haqqında” qanunların tələblərinə, həmçinin "Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq edilməsi Qaydaları”na uyğun hazırlanıb.

Vüqar Gülməmmədovun sözlərinə görə, büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir. İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir. Onun fikrincə, 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur. Eyni zamanda, 2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, dövlət büdcəsi hər zaman olduğu kimi, bu dəfə də sosialyönümlüdür. Səhiyyə xərclərinə ayrılan vəsaitin də bu ilə nisbətən artırılması bu sahənin inkişafına təkan verəcəyini söyləməyə tam əsas yaradır.

Komitə sədrini maraqlandıran məsələ də oldu. Bu, yanvar ayından icbari-tibbi sığortanın tətbiqinə başlanılması prosesi üçün ayrılan vəsaitdir. Ancaq büdcədə prosesin həyata keçirilməsinə ayrılan konkret vəsaitlə bağlı məlumat yoxdur.

"Gələn ilin dövlət büdcəsi müstəqillik dövrünün ən böyük büdcəsidir. Büdcədə bu illə müqayisədə gələn il üçün nəzərdə tutulmuş elm və təhsil xərcləri üçün ayrılan vəsait bu sahədə başlanılmış layihələrin reallaşmasına, eləcə də elmin inkişafına dəstək verə biləcək”. Bu fikirləri isə Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli söylədi.

Komitə sədrinin sözlərinə görə, təhsil xərcləri təhsilin bütün pillələri üzrə həyata keçirilməsi nəzərdə tutulan proseslərin dəstəklənməsi məqsədi daşıyır. Növbəti ildə elm xərcləri üçün ayrılan vəsait fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarəedilməsi, dövlət və qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsi üçün yönəldiləcək.

Ötən illərlə müqayisədə gələn ilin büdcəsində elm və təhsil xərclərinə ayrılan vəsaitin çox olmasına baxmayaraq, İsa Həbibbəyli vəsaitin bir qədər də artırılmasının tərəfdarıdır. Çünki ayrılan vəsait müasir dövrdə elmin fundamental inkişafı üçün tam yetərli deyil.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirdi ki, büdcə dövlətin gücüdür, dövlətin keçəcəyi yolun ən vacib sənədidir. Bu gün həmin sənədin müzakirəsi aparılır. İldən-ilə artan, gələcək imkanların daha da yüksəlməsi üçün vacib olan bu sənəd Azərbaycanın qüdrətinin göstəricisidir: "Bu yüksəlişin müəllifi Prezident İlham Əliyevdir. Hər il artan büdcəmiz dövlət başçısının siyasi iradəsi, iqtisadi strategiyasının real təzahürüdür”.

Komitə sədri dedi ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı üçün çox mühüm işlər görürlər. Onların sayəsində Azərbaycan mədəniyyəti, incəsənəti dünyaya tanıdılır.

Ancaq bu işlərə dövlət qurumları da dəstək verməlidirlər. Ona görə də Azərbaycan mədəniyyətinin inkişafı üçün büdcədən ayrılan vəsait bir faizi keçməlidir, belə ki, vəsait artırılmalıdır. Belə olarsa, bu sahədə sıçrayışlı inkişaf baş verə bilər.

Mədəniyyət naziri Əbülfəs Qarayev isə qeyd etdi ki, Prezident İlham Əliyevin imzaladığı sənəncamla mədəniyyət sahəsində güclü islahatlar başlayıb. Mədəniyyətimizin lazımi səviyyədə təbliği üçün elektron resursların yaradılması məsələsi diqqət mərkəzindədir. Ona görə də bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir. Xüsusilə də mədəniyyət sahəsində müasir texnologiyaların tətbiqi, tarixi abidələrin qorunması və digər sahələrin inkişafı, eləcə də xaricdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi üçün büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac var.

Müzakirələr zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da təkliflərlə çıxış etdi. Bildirdi ki, ölkədə dövlət uşaq qaynar xəttinin, ailə psixoloqu institutunun yaradılmasına ciddi ehtiyac var. Bunun üçün də maliyyə vəsaiti tələb olunur. Komitə sədri təkliflərin yazılı formada Maliyyə Nazirliyinə təqdim olunduğunu söylədi.

Deputatlardan Sədaqət Vəliyeva, Rauf Əliyev, Elmira Axundova, Qənirə Paşayeva, İlham Məmmədov, Rəşad Mahmudov, Rafiq Məmmədhəsənov, Jalə Əliyeva, Mixail Zabelin çıxış edərək təkliflərini səsləndirdilər və eyni zamanda vurğuladılar ki, büdcə sosialyönümlüdür və zərfin mükəmməl formada hazırlanması, iqtisadi göstəricilər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin iqtisadi strategiyası 2020-ci ildə də Azərbaycana böyük iqtisadi dividendlər qazandıracaq.

Müzakirələr yekunlaşdıqdan sonra Maliyyə naziri Samir Şərifov iclasda səslənən təkliflərə münasibət bildirdi və qeyd etdi ki, bir sıra təkliflər nəzərə alınacaq.

İclasda 2020-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu və beş komitənin birgə iclası başa çatdı. Milli Məclisin komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi bu gün də davam etdiriləcək.

 

"Azərbaycan”

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb