Oktyabrın 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qızıl toy” ikihissəli musiqili komediyası 47-ci dəfə nümayiş edilib.
Səhnə əsərinin budəfəki nümayişi tanınmış rejissor, uzun illər teatrda baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərovun 70 illiyinə həsr olunub.
Tamaşadan əvvəl tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
Sonra qonaqlar tamaşaya baxıblar.
Səhnə əsərində rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Gülnarə Əzizova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Yuliya Heydərova, Elməddin Dadaşov, Elnur Zeynalov və başqaları ifa ediblər.
Tamaşada valideynlərə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgi, bu yolda onların başına gələnlər incə bir yumorla tamaşaçılara çatdırılır.
Səhnə əsərinin quruluşçu-dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-baletmeysterləri Əməkdar artistlər – Yelena və Zakir Ağayevlər, quruluşçu-rəssamı Vüsal Rəhimov, rejissor assistenti Tamilla Aslanovadır.
Aktyorların məharətli çıxışı tamaşanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.