Oktyabrın 4-də Şamaxıda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbələrində çalışan əməkdaşların bilik, bacarıq və peşə səriştələrinin artırılması istiqamətində təşkil olunan təlimlər başa çatıb.
Təlimlər Şamaxı rayon Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyində baş tutub.
Tədbirlərdə bildirilib ki, ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsidir.
“Uşaq oxucularına kitabxana-informasiya xidməti və uşaq şöbələrində informasiya resurslarının yaradılması” mövzusunda keçirilmiş təlimdə iştirakçılar kitabxana-informasiya xidməti anlayışı, kitabxanalarda uşaq oxucuları üçün abonement, qiraət zalları (multimedia zalları) vasitəsilə kitabxana-informasiya xidmətinin təşkili, kitabxanada komfortlu mühitin formalaşdırılması, elektron kataloq, kartoteka və uşaq ədəbiyyatını əks etdirən məlumat bazalarının yaradılması, istifadəsi və kitabxanaların üzərinə düşən vəzifələr haqqında bilikləri və bununla bağlı digər mövzuları öyrəniblər.
Bununla yanaşı, ilk dəfə olaraq, dinləyicilərə “Azərbaycan Mədəniyyət İşçiləri İttifaqının fəaliyyət istiqamətləri” kursu təqdim olunub.
“Kreativ peşə səriştələri” kursunda dinləyicilər kreativlik, kreativ vərdişlər və yaradıcı təfəkkür, kreativ sənaye, kreativ və rəqəmsal mədəniyyət, lateral düşünmə tərzi, mədəniyyət müəssisələrində innovativ layihələrin reallaşdırılması sahəsində bilikləri mənimsəyiblər.
“Uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması və mütaliəyə marağın artırılmasının müasir yolları” mövzusunu əhatə edən təlimdə isə dinləyicilər mütaliənin mahiyyəti, mütaliə mədəniyyəti, erkən yaşlardan uşaqlarda mütaliənin formalaşlmasında kitabxanaların rolu, uşaq ədəbiyyatının qavranılmasının sosial-psixoloji xüsusiyyətləri kimi biliklərə yiyələniblər.
Təlimləri bitirən dinləyicilərə sertifikatlar təqdim olunub.